“31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” münasibətilə tədbir keçirilib
Naxçıvan Müəllimlər İnstitutunda “31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” münasibətilə tədbir keçirilib
Tədbirdə giriş sözü ilə çıxış edən institutun rektoru Azad Novruzov qeyd edib ki, “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” dünyanın müxtəlif qitələrində yaşayan soydaşlarımızın birliyinin yaradılması məqsədilə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmişdir. Bu günün təsis edilməsi həm də müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında siyasi-iqtisadi, mədəni münasibətlərin genişlənməsinə xidmət edir. Artıq 30 ildən çoxdur ki, dünya azərbaycanlıları bu günü ümummilli birliyin, həmrəyliyin rəmzi kimi yüksək səviyyədə qeyd edirlər. Rektor vurğulayıb ki, torpaqlarımızın işğaldan azad olunması milli həmrəylimizin təntənəsi, xalqımızın öz rəhbəri ətrafında sıx birləşməsinin təcəssümü oldu.
Azad Novruzov çıxışının sonunda bütün Azərbaycan xalqını və tədbir iştirakçılarını bayramlar münasibətilə təbrik edib, onlara yeni uğurlar və fəaliyyətlərində yeni nailiyyətlər arzulayıb.
Tədbirdə Humanitar və ictimai fənlər kafedrasının müəllimi Qorxmaz Hacızadə “Müstəqil Azərbaycanın inkişafında həmrəyliyin rolu” mövzusunda çıxış edib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin dövlətçilik konsepsiyasının əsas strateji ideyalarından biri də məhz azərbaycanlıların həmrəyliyi və birliyi ilə bağlı olub. Dünyanın müxtəlif regionlarında yaşayan azərbaycanlıların milli icma çərçivəsindən çıxaraq mütəşəkkil diaspor halında formalaşması və güclənməsi, yaşadığı ölkələrdə siyasi, iqtisadi fəaliyyətlərini genişləndirməsi, milli maraqlara xidmət etməsi bu siyasətin prioritet istiqaməti olub və dünya azərbaycanlılarının vahid ideya, məqsəd və prinsiplər ətrafında sıx birliyini təmin edilməsi üçün məqsədyönümlü tədbirlər bu gündə uğurla davam etdirilir.
Sonra Təbiət və incəsənət fakültəsinin Riyaziyyat-İnformatika müəllimliyi ixtisası üzrə 5-ci kurs tələbəsi Coşqun Məmmədov bütün tələbələr adından institutun professor-müəllim heyətini, tələbələri və dünya azərbaycanlılarını bayramlar münasibətilə təbrik edib.
Tədbirin bədii hissəsində NMİ Tələbə Gənclər Təşkilatlarının təşkilatçılığı ilə hazırlanan “Həmrəylik gənclərin dili ilə” layihəsinin videçarxı təqdim olunub, layihədə Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələr iştirak edib. Gənclər bir-birini və dünya azərbaycanlılarını təbrik edərək həmrəylik nümayiş etdiriblər. Daha sonra institutun tələbələrinin hazırladıqları şeir, mahnı və bədii kompozisiyalar təqdim olunub.
Sonda tələbələrin “Həmrəylik Günü” və “Yeni il” mövzularında müxtəlif əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Aygül Məmmədova
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti