Bugün Naxçıvan Müəllimlər İnstitutunda institutun müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Qızıllı Əliyevanın ” Orta məktəbin üzvi kimya kursunda oksidləşmə – reduksiya reaksiyaları tədrisinin metodiki əsasları” vəsaitinin təqdimatı keçirilmişdir.
Tədbirdə Naxçıvan Müəllimlər İnstitutunun professor–müəllim heyəti, Naxçıvan şəhər ümumtəhsil məktəblərinin kimya müəllimləri və tələbələr iştirak etmişlər.
Tədbiri giriş sözü ilə institutun prorektoru Azad Novruzov açaraq Naxçıvan Müəllimlər İnstitutunun Naxçıvan Muxtar Respublika Təhsil Nazirliyi ilə əməkdaşlığından, birgə keçirilmiş seminarlardan, dəyirmi masa və müzakirələrdən danışaraq bu əlaqələrin təhsilin inkişafına müsbət təsirlərini qeyd etdi. Ümumtəhsil müəssələrində metodiki işin təkmiləşdirilməsi istiqamətində İnstitutun fəaliyyətinə toxunan prorektor Naxçıvan Muxtar Respublikasında bütün sahələrlə yanaşı təhsil sahəsində də yaradılmış işgüzar mühitdən danışdı.Təqdimatına yığışdığımız bu kitab institutun məktəbə metodiki xidmətinin nümunələrindən biridir. Kitabın əhəmiyyətindən danışan Azad Novruzov qeyd etmişdir ki, vəsaitdən orta məktəb müəllimləri kimya dərslərinin məzmununun zənginləşdirilməsində istifadə edə bilərlər. Eyni zamanda vəsaitdən ali məktəbdə də kimyanın tədrisi metodikası fənninin tədrisində istifadə etmək olar.
Sonra 14 № li tam orta məktəbin kimya müəllimi Famil Abdullayev çıxış edərək metodiki vəsaitin orta məktəb müəllimləri üçün dəyərli olacağını vurğulamışdır. O, müəllifi təbrik edərək qeyd etmişdir ki, bu cür metodiki vəsaitlər müəllimlər üçün bir mənbə rolunu oynayır.
Kitabın müəllifi pedaqogika üzrə fəlsəfə doktoru Qızıllı Əliyeva metodiki vəsaitin aktuallığından, elmi-metodiki yeniliyindən danışaraq bildirmişdir ki, kitabda həm də tədrisin keyfiyyətini yüksəldən tövsiyyələrə geniş yer verilmişdir.
Dəyirmi masada iştirakçıların kitab haqqında mülahizələri dinlənilmiş və müzakirə edilmişdir.
Sonda tədbir iştirakçılarına metodiki vəsait hədiyyə edilmişdir.