Naxçıvan Müəllimlər İnstitutunda növbəti kitab müzakirəsi keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti” adlı kitabının müzakirəsi keçirilib. İnstitutun bir qrup professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə təşkil olunmuş tədbiri giriş sözü ilə institutun prorektoru, dosent Azad Novruzov açaraq qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan bu kitab özündə bütün dünya Azərbaycanlıları üçün böyük əhəmiyyət kəsb edən tarixi, siyasi-ideoloji məqamları əks etdirir. Azərbaycanın XXI yüz illiyin astanasına qədər keçdiyi tarixi yol, müstəqil Azərbaycan dövlətinin yaradılması, dünya birliyində yeri, XX əsrin Azərbaycan xalqının taleyində buraxdığı səciyyəvi xüsusiyyətlər, qarşıda duran mühüm vəzifələr müraciətin ana xəttini müəyyən edir. Kitabda “Azərbaycan xalqı dünya mədəniyyətində öz dəsti xətti ilə seçilən xalqlardandır” ifadəsi hər bir Azərbaycan vətəndaşını öz həyatında daha məsuliyyətli yaşamağa sövq edir. Bu müraciətlə tanış olmaq, onu dərindən öyrənmək hər bir vətəndaşın, xüsusilə də gənc nəsil üçün çox vacibdir. Bu kitabın hər bir cümləsi çox dəyərlidir və onun yaddaşlara köçürülməsi, təhlil edilməsi, nəticə çıxarılması qarşımızda duran vəzifələrdən biri olmalıdır.

Tədbirdə “Humanitar və ictimai fənlər” kafedrasının müəllimi Emin Məmmədov çıxış edərək bildirmişdir ki, ümummilli lideri Heydər Əliyevin bu müraciəti xalqımızı Azərbaycanın intibahına çağıran bir sənəd kimi qiymətləndirilir. Həmçinin qeyd edilmişdir ki, dahi rəhbərin daha güclü və inkişaf edən Azərbaycan görmək və eyni zamanda gənc nəslin milli kökə, mənəvi dəyərlərə sədaqət və vətənpərvər ruhda böyüməsi kimi arzuları bu müraciətdə aydın şəkildə əks olunmuşdur.

İnstitutun müəllimi Qorxmaz Hacızadə də öz çıxışında kitabın məziyyətlərini qeyd etmiş, müraciətdə səslənən iqtisadi siyasəti nəzərə çatdırmışdır.

Sonra kitab haqqında geniş müzakirə aparılmış, müəllim və tələbələrin bir-birindən maraqlı fikir və mülahizələri dinlənilmişdir. Xüsusi olaraq institutun tarix müəllimliyi ixtisası üzrə təhsil alan I kurs tələbələri müzakirədə  fəal iştirak etmişlər.

Naxçıvan Müəllimlər İnstitutunun
mətbuat və ictimaiyyətlə əlaqələr xidməti