Naxçıvan Müəllimlər İnstitutunda “Ümumtəhsil məktəblərində biologiyanın tədrisinin aktual məsələləri” mövzusunda elmi-praktik konfrans keçirilib
Bugün Naxçıvan Müəllimlər İnstitutunda Təbiət və incəsənət fakültəsinin “Ümumi fənlər” kafedrasının təşkilatçılığı ilə “Ümumtəhsil məktəblərində biologiyanın tədrisinin aktual məsələləri” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Tədbiri giriş sözü ilə institutun prorektoru Çapay Quliyev açaraq ümumtəhsil məktəblərində biologiya fənninin tədrisi zamanı müəllimlərin qarşısına qoyulan tələblər haqqında geniş məruzə ilə çıxış etmişdir.
Tədbirdə kafedranın baş müəllimi, biologiya üzrə fəlsəfə doktoru Lamiyə Quliyeva “Biologiyanın tədrisində fənlərarası və fəndaxili inteqrasiya” mövzusunda çıxış edərək bildirmişdi ki, müasir dövrdə savadlı, özünü dərk edən, hərtərəfli şəxsiyyətin formalaşmasında biologiya fənninin xüsusi rolu vardır. Lakin buna baxmayaraq şagird hərtərəfli biliyə malik olmalı və özünü cəmiyyətdə yetişdirməyi bacarmalıdır. Bunun üçün mövzuların tədrisi zamanı müəllimlər inteqrasiya məsələlərinə ciddi yanaşmalı və tədrisdə tətbiq etməlidirlər.
Sonra kafedranın baş müəllimi Günel İbrahimova “Biologiyanın tədrisində müasir təlim üsulları və innovativ texnologiyalar” mövzusunda çıxış edərək dərslərə verilən müasir tələblərdən, müəllimlərin innovativ texnologiya üsullarından istifadə etməsindən bəhs etmişdir.
Konfrans tələbə və müəllimlərin geniş fikir mübadiləsi ilə başa çatmışdır