Naxçıvan Müəllimlər İnstitutunun şəhid məzunlarının xatirəsi yad edilib

11 3

Bugün Naxçıvan Müəllimlər İnstitutunda Vətən müharibəsi şəhidlərinə həsr olunmuş tədbir keirilib. Dövlət himninin oxunması ilə başlanan tədbirdə institutun rektoru Azad Novruzov giriş sözü ilə çıxış edərək 44 günlük vətən müharibəsində böyük hünər və şücaət göstərən vətən oğullarının əziz xatirəsini yad etmişdir. Bildirilmişdir ki, torpağımıza göz dikən yağı düşməni məhv edərək kənd və şəhərlərimizi işğaldan azad edən və bu yolda şəhidlik zirvəsinə yüksələn igidlər hər zaman xalqımızın qəlbində yaşayacaq, hörmətlə anılacaqdır. Rektor həmçinin bildirmişdir ki, bu müharibədə öz şəhadətinə çatan şəhidlərimiz sırasında Naxçıvan Müəllimlər İnstitutunun iki nəfər məzun tələbəsi – Kamran Hüseynov və Ruhid İslamlı da olmuşdur.

İnstitutun prorektoru Çapay Quliyev öz çıxışında məzun tələbə şəhidlər haqqında geniş məlumat vermiş, hələ tələbə ikən onların cəsur və çalışqanlığını vurğulamışdır.

Pedaqoji fakültənin III kurs tələbəsi Gülcan Əlizadə çıxış edərək, bugünki gəncliyin şəhidlərimizə olan münasibətini qeyd etmiş, onlarla eyni dövrdə tələbə adını daşıyan, birlikdə institut tədbirlərində iştirak edən şəhid Ruhid İslamlı haqqında fikirlərini bildirmişdir.

Tədbirdə həmçinin tələbələrin təqdimatında şeirlər dinlənilmiş və şəhidlərə həsr olunmuş kompozisiyalara baxılmışdır.

Tədbirin sonunda İncəsənət kafedrasının müəllimlərinin və Təsviri incəsənət ixtisası tələbələrinin təqdimatında şəhidlərin xatirəsinə həsr olunmuş sərgiyə baxış keçirilmişdir