Naxçıvan Müəllimlər İnstitutunda növbəti kitab təqdimatı keçirilmişdir
Naxçıvan Müəllimlər İnstitutunda növbəti kitab təqdimatıkeçirilmişdi
Bugün Naxçıvan Müəllimlər İnstitutunda filologiya üzrə fəlsəfə doktoru, dosent, şair-dramaturq Həsənəli Eyvazlının “Naxçıvan haqqında ballada (poema)” adlı miniatur kitabının təqdimatı keçirilmişdir.
Təqdimatı giriş sözü ilə Naxçıvan Müəllimlər İnstitutunun prorektoru, dosent Azad Novruzov açaraq muxtar respublikada elmi və bədii yaradıcılıq üçün yaradılmış yüksək imkanlardan danışmış, Naxçıvan Müəllimlər İnstitutu əməkdaşlarının bu şəraitdən bəhrələnərək qazandıqları uğurlara toxunmuşdur. Qeyd edilmişdir ki, professor müəllim heyətinin elmi-pedaqoji nailiyyətləri ilə yanaşı, mətbuat orqanlarında mütəmadi çıxışları, radio və televiziyadakı müsahibələri daim diqqət mərkəzində olan məsələlərdəndir. Son illərdə aparılan məqsədyönlü işlər nəticəsində muxtar respublikada kitaba, mütailəyə artan maraq yazıçı və dramaturqların yeni əsərlər yaratmalarına stimul yaratmışdır.
Azad Novruzov bildirmişdir ki, H.Eyvazlının miniatur formada çap olunan “Naxçıvan haqqında ballada (poema)” kitabı təqdirə layiqdir və kütləvi oxucu marağına səbəb olacaqdır. Bu poema əsasında Naxçıvan Dövlət Televiziyası tərəfindən televiziya filmi çəkilmiş və maraqla qarşılanmışdır. Əsərdə Naxçıvan Atabəylər zamanından günümüzədək olan bir dövr vəsf edilmişdir.
Şair-dramaturq Həsənəli Eyvazlının əməyinə dövlətimiz tərəfindən hər zaman yüksək qiymət verilməsi, onun “Tərəqqi” medalı ilə təltif olunması, Naxçıvan Muxtar Respublikasının Əməkdar Mədəniyyət işçisi fəxri adına layiq görülməsi tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.
Təqdimatda həmçinin institutun əməkdaşlarından professor Akif İmanlı və dosent Arif Ağalarov çıxış edərək H.Eyvazlının “Naxçıvan haqqında ballada (poema)” adlı miniatür kitabının məzmun, ideya və bədii xüsusiyyətlərini diqqətə çatdırmışlar.
Sonda tələbələrin ifasında “Naxçıvan haqqında ballada (poema)” kitabından parçalar səsləndirilmiş və müəllif tərəfindən sözügedən kitab institut kitabxanasına və qonaqlara hədiyyə olunmuşdur.
Naxçıvan Müəllimlər İnstitutunun
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti