“Unudulmaz nəğməkar şair – Nəbi Xəzri” adlı tədbir keçirilib.
Görkəmli xalq şairi, ictimai xadim , Dövlət mükafatları laureatı Nəbi Xəzrinin 100 illik yubileyi münasibətilə Naxçıvan Müəllimlər İnstitutu Kitabxanası və Tələbə Gənclər Təşkilatının birgə təşkil etdiyi “Unudulmaz nəğməkar şair – Nəbi Xəzri” adlı tədbir keçirilib.
Tədbiri Naxçıvan Müəllimlər İnstitutunun rektor vəzifələrini icra edən Elşən Məmmədov açaraq Ölkə Başçısının 9 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə şairin 100 illik yubileyinin qeyd olunduğunu bildirdi.
Daha sonra Naxçıvan Muxtar Respublikasının Yazıçılar Birliyinin Sədri Asim Yadigar “Nəbi Xəzri Yaradıcılığı” mövzusunda məruzə ilə çıxış etdi. Çıxışda şairin poetik dünyası, əsərlərində ifadə olunan vətənpərvərlik, humanizm və insan sevgisi dərin təhlil edildi.
Naxçıvan Müəllimlər İnstitutunun Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, dosent Həsənəli Eyvazlı isə “Xalq Şairi Nəbi Xəzri: Bəşəri Duyğuların Tərənnümçüsü” mövzusunda çıxış edərək, şairin əsərlərində yer alan bəşəri duyğuları və universal mövzuları ətraflı şəkildə təhlil etdi. Onun çıxışında Nəbi Xəzrinin poeziyasının yalnız milli ədəbiyyat üçün deyil, eyni zamanda ümumbəşəri dəyərlərin ifadəsi baxımından da önəmli olduğu xüsusi vurğulandı.
Tədbirin bədii hissəsində Nəbi Xəzrinin şeirləri səsləndirildi və onun sözlərinə yazılmış mahnılar ifa edildi. Həmçinin onun həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olundu.