Naxçıvan Müəllimlər İnstitutunda “Azərbaycan xalçaları: tariximizdən günümüzə” adlı tədbir keçirilib
Bugün Naxçıvan Müəllimlər İnstitutunda əməkdaşların, tələbə və dəvət edilmiş
qonaqların iştirakı ilə “Azərbaycan xalçaları: tariximizdən günümüzə” adlı tədbir keçirilib.
Tədbirdə həmçinin institutunun “İncəsənət” kafedrasının müəllimlərinin və “Təsviri incəsənət
müəllimliyi” ixtisasında təhsil alan tələbələrin əl işlərindən ibarət sərgi təşkil olunmuşdur.
Sərgidə 30-dan çox rəngkarlıq, qrafika və dekorativ tətbiqi sənət nümunələri, eləcədə müxtəlif
xalçaçılıq məktəblərinin nümünələri maraqlı forma və kompazisiyalarda nümayiş olunmuşdur.
Diqqəti cəlb edən əsərlər sırasında Naxçıvan xalçaları ilə yanaşı Qarabağ xalçaları, o cümlədən
Laçın və Kəlbəcərə aid xalça nümunələri öz əksini tapmışdı.
İnstitutun rektoru Azad Novruzov giriş sözü ilə tədbiri açaraq bildirmişdir ki, dekorativ-
tətbiqi sənətin qədim növlərindən sayılan xalça toxuma ənənələri əsrlər boyu qorunub
saxlanılıb, inkişaf etdirilib, xalqımızın məişətində və həyatında mühüm rol oynayıb. Xalça
bizim milli sərvətimiz, tarixi yaddaşımız, keçmişimiz, bugünümüz və gələcəyimiz üçün çox
əhəmiyyətli olan sənət nümunəsidir. Rektor vurğulamışdır ki, Naxçıvan Muxtar Respublikası
Ali Məclisi Sədrinin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar
Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022–ci illər
üçün Dövlət Proqramı” ilə muxtar respublikamızda, eləcədə Naxçıvan Müəllimlər İnstitutunda
bu sahədə görülən işlər sürətlənib, bir çox yeni layihələr meydana çıxıb.
Tədbirdə “İncəsənət” kafedrasının müdiri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar
rəssam Həbibə Allahverdiyeva ötən dövr ərzində institutda görülən işləri nəzərə çatdırmışdır.
Qeyd olunmuşdur ki, institutda xalçaçılıq sənətinin öyrənilməsi, müvafiq fənlərin tədrisi, tarixi
abidələrimizi əks etdirən xalçanın toxunması, bununla yanaşı seminar, konfrans, sərgilərin
keçirilməsi, kafedranın baş müəllimi Ləman Məmmədovanın “Azərbaycan xalçaçılıq sənəti”
dərs vəsaitinin nəşr olunması, Naxçıvan Dövlət Xalça Muzeyinə tələbələrin ekuskursiyalarının
təşkili və s. işlər həyata keçirilmişdir.
Tədbirdə Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Ülviyyə Məmmədova xalçaçılıq
sənətinin tarixi, keçdiyi inkişaf yolu və nümayiş olunan sərgi haqqında fikrini bildirmişdir.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olmuşlar.