Tarixçi tələbələrin “Əlincəqala” və Xanəgah Abidə Kompleksinə səfəri baş tutub

Milli-mənəvi dəyərlərin tədqiqi, təbliği və qorunaraq gələcək nəsillərə ötürülməsi hər zaman aktual məsələ olmuşdur. Bu mədəni irsin mühüm bir hissəsini tarixi abidələrimiz təşkil edir. Müstəqillik dövründə bu sahəyə daha həssas və təəssübkeş yanaşılmış və demək olar ki, abidələrimizə ikinci həyat verilmişdir.

Naxçıvan Müəllimlər İnstitutunda tarix müəllimliyi ixtisasının I kurs tələbələrinin “Əlincəqala” tarixi abidəsinə və Xanəgah Abidə Kompleksinə səfərinin təşkili də milli-mənəvi irsin daha dərindən öyrənilməsi məqsədini daşımışdır. Cari tədris ilində institutda yeni açılmış “Tarix müəllimliyi” ixtisası tələbələrinin tədris prosesində əldə etdikləri nəzəri biliklərinin daha da gücləndirilməsi məqsədilə belə bir tədbir baş tutmuşdur.

Əlincəçay vadisinin bu möhtəşəm və əzəmətli abidələri ilə ilk görüş tələbələrdə yüksək maraq yaratmışdır. Əvvəlcə “Əlincəqala” Tarix-Mədəniyyət Muzey ilə tanış olan tələbələr burada ilkin məlumatları əldə etmiş və eksponatlarla tanış olmuşlar. Qədim Naxçıvan diyarının orta əsr həyatını özündə əks etdirən bu maddi-mədəniyyət nümunələri haqqında geniş məlumatlar aldıqdan sonra tələbələr “Əlincəqala” tarixi abidəsinə yollanmışlar.

İnstitutun tarix müəllimlərindən Emin Məmmədov, Arzu Abdullayev və Qorxmaz Hacızadənin iştirak etdiyi bu səfər

tələbə-gənclərdə xoş təəssüratlarla yadda qalmışdır. Qalanın Narınqala hissəsində müəllimlər tərəfindən qalanın tarixi, coğrafi mövqeyi və son illər burada aparılmış bərpa işləri barəsində ətraflı məlumatlar verilmişdir. Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 fevral 2014-cü il tarixli Sərəncamı ilə bərpa olunan “Əlincəqala” tarixi abidəsi dünya əhəmiyyətli abidələr sırasına daxildir.

Əlincəçayın sol sahilində yerləşən, Azərbaycan memarlığının mühüm nümunələrindən olan Xanəgah Abidə Kompleksi də tələbələrdə böyük marağa səbəb olmuşdur. Burada kompleksin tarixi, memarlıq xüsusiyyətləri və orta əsr Azərbaycan fəlsəfi fikrinə dair məlumatlar diqqətə çatdırılmışdır.

Uğurlu səfər sonunda tələbələr qədim tarix və zəngin mədəniyyətimizə dair dəyərli məlumatlar əldə etmişlər. Şübhəsiz ki, bu cür tədbirlər gənclərin milli ruhda formalaşmalarına və savadlı mütəxəssis kimi yetişmələrində mühüm rol oynayacaqdır.