“Müasir təhsilin inkişaf strategiyaları: uğurlar və çağırışlar” mövzusunda keçirilən beynəlxalq elmi konfrans panel müzakirələri ilə davam edir.
Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Dövlət Universiteti, ARTİ-nin tərəfdaşlığı və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Müasir təhsilin inkişaf strategiyaları: uğurlar və çağırışlar” mövzusunda keçirilən beynəlxalq elmi konfrans panel müzakirələri ilə davam edir.
Müzakirələrdə təhsilin idarə olunması üzrə mütəxəssis, Finlandiyanın “HundrED” qlobal təhsil təşkilatının icraçı direktoru və həmtəsisçisi Lasse Leponiemi “Ümumi təhsildə məzmun islahatları” mövzusunda məruzə edib. O, çıxışında pandemiya dövrünə dair apardığı araşdırmalar haqqında məlumat verib, aparılan tədqiqatların təhsil sistemlərinin inkişaf etdirilməsinə verəcəyi töhfələri vurğulayıb.
Daha sonra “Ümumi təhsildə məzmun islahatları: bacarıq əsaslı məzmun” adlı birinci paneldə ARTİ-nin direktor müavini Ülkər Babayeva “Ümumi təhsildə innovasiyalar”, Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov “Tədqiqat əsaslı təlim: məzmun islahatlarının mühüm istiqaməti kimi”, Tədris resursları şöbəsinin müdiri Rasim Abdurazaqov “Dərslik islahatının aktual problemləri: “Ehtiyat dərslik” layihəsinin ilkin nəticələri” haqqında çıxış ediblər.
Ülkər Babayeva çıxışında təhsildə olan mövcud yenilik və innovasiyalardan danışıb. O, qiymətləndirmə, peşə standartları, məktəblərin inspeksiyası, peşə təmayüllü siniflər, inklüziv təhsil, öyrənmə ehtiyaclarına görə şagirdlərə və təlim ehtiyaclarına görə müəllimlərə dəstək haqqında çıxış edib. Ü.Babayeva müəllim üçün peşə standartlarının hazırlanması, müxtəlif peşə təmayüllü məktəblər üçün yeni məktəblərin tikilməsi və mövcud məktəb siniflərində müvafiq şəraitin yaradılması, fiziki qüsurlu uşaqların digər uşaqlarla eyni sinifdə təhsil alması üçün inklüziv təhsil sahəsinin fəal şəkildə genişləndirilməsi, şagirdlərdə təlim və öyrənmə ehtiyaclarını öyrənmək üçün keçirilən sorğular və bu sorğular əsasında müəllimlərə göstərilən dəstək barədə məlumat verib.
Mənsur Məhərrəmov sorğu əsaslı təlimin şagirdlərə olan faydalarından danışaraq faktların birbaşa deyil, suallar, proqramlar, ssenarilər şəklində verilməsinin onlarda situasiyalar haqqında müzakirələrdə fikir söyləməyə və bu fikri müdafiə etməyə, həmçinin şagirdin fəallığının artmasına şərait yaratdığını vurğulayıb.
Rasim Abdurazaqov “Ehtiyat dərslik” layihəsinin ilkin nəticələri, fənn kurikulumlarının məzmun standartlarının ölçülməsi, şagirdlərimizin dil savadlılığında beynəlxalq PIRLS, PISA tədqiqatlarında nəticələri, riyazi və elmi savadlılığında beynəlxalq TIMMS tədqiqatlarında nəticələrini vurğulayıb, həmçinin ölkə üzrə məktəbəhazırlıq qruplarının təşkili vəziyyəti, ehtiyat dərslik komplektlərinin tətbiqinin effektivliyinin yoxlanılması, pedaqoji eksperimentin Bakı və regionlar üzrə nəticələrindən danışıb