İslam dininin gənclərin tərbiyəsində rolu” mövzusunda tədbir keçirilib
Naxçıvan Müəllimlər İnstitutunda “İslam dininin gənclərin tərbiyəsində rolu” mövzusunda tədbir keçirilib
Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “İslam dininin gənclərin tərbiyəsində rolu” adlı tədbir keçirilib.
Öncə ulu öndər Heydər Əliyev və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə giriş sözü ilə İnstitutun Ümumi işlər üzrə prorektoru Xəyal Camalov, “İslamda ailə hüququ və erkən nigahın cəmiyyətə zərərləri” mövzusunda Agentliyin əməkdaşı Aysu İbrahimova, “Dini təriqətlər, təriqətçiliyin zərərləri” mövzusunda Agentliyin eksperti Sabir Xəlilov və NMİ fakültə dekanları Samirə Həsənova və Rövşən Vəliyev çıxış edib.
Çıxışlarda bildirilib ki, İslamda ailə hüququ insanlara qarşılıqlı hörmət və ədalətə əsaslanan münasibətlər qurmağı təşviq edir. Ancaq erkən nigahın gənc yaşda ailə qurmağa məcbur edilən şəxslər üçün bir çox ciddi problemlərə yol açması mümkündür. Cəmiyyətin inkişafı və fərdlərin tam potensialını reallaşdırması üçün, gənclərin düzgün təhsil alması, sağlam münasibətlər qurması və həyat təcrübəsi qazanması önəmlidir. Erkən nigah praktikasının qarşısının alınması və daha sağlam ailə strukturlarının yaradılması, gənclərin düzgün dini maarifləndirilməsi, düzgün şəkildə istiqamətləndirilməsi cəmiyyətin rifahı üçün vacibdir.
Həmçinin tədbirdə İslamın tarixi, milli – mənəvi dəyərlərimizdə yeri, bu dəyərlərin yad təsirlərdən qorunması ilə əlaqədar məsələlərdən bəhs edilib, gənclərə cəmiyyətin bir hissəsi olaraq başqalarına kömək etməyin və öz hərəkətlərinə məsuliyyətlə yanaşmağın vacibliyini diqqətə çatdıraraq onlara həm şəxsi həyatlarında, həm də cəmiyyətdə faydalı olmaq, yaxşı əxlaq və mənəvi dəyərləri inkişaf etdirmək, dürüstlük, hörmət, mərhəmət və təvazökarlıq kimi xüsusiyyətlər tövsiyələr edilib.
Sonda gəncləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Aygül Məmmədova
Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssis