Naxçıvan Müəllimlər İnstitutunda növbəti kitab müzakirəsi keçirilmişdir
Naxçıvan Müəllimlər İnstitutunda Məhəmmədhüseyn Şəhriyarın “Hedərbabaya salam” poemasının müzakirəsi keçirilmişdir. Tədbiri giriş sözü ilə açan institutun rektoru Elbrus İsayev Məhəmmədhüseyn Şəhriyarın sadə üslubda, milli dil normalarına uyğun yazılmış şeirlərinin, xüsusən “Heydərbabaya salam” poemasının oxucuda yaratdığı bədii-estetik zövqdən danışaraq mütaliənin insan həyatındakı müstəsna rolunu vurğulamışdır.
Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar” haqqında mövcud Sərəncamı nəticəsində gənc nəsldə oxumağa, mütaliəyə marağın günü-gündən artdığı müşahidə olunur.
İnstitutun kitabxana müdiri Şəfayət Sadiqova Məhəmmədhüseyn Şəhriyarın həyat yolu haqqında tədbir iştirakçılarına geniş məlumat vermiş, bildirmişdir ki, görkəmli şair klassik şeirin bütün şəkillərində yazmış, ədəbiyyatı yüksək məzmunlu qəzəl, qəsidə, məsnəvi, qitə və rübailərlə zənginləşdirmişdir.
Sonra tələbələrin ifasında “Heydərbabaya salam” poemasından parçalar dinlənildikdən sonra dəyirmi masa arxasında poemanın dil, üslub xüsusiyyətləri və milli məziyyətləri haqqında geniş müzakirə keçirilmişdir.
Tədbirin sonunda “Heydərbabaya salam” poemasına dair videoçarxa baxış olmuşdur.