18 noyabr 2025-ci il tarixində Naxçıvan Müəllimlər İnstitutunun “Pedaqogika və psixologiya” kafedrasının “Gənc pedaqoqlar” dərnəyinin təşkilatçılığı ilə “Uşaq hüquqlarının qorunmasında valideyn və dövlətin rolu” mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masanı “Pedaqogika və psixologiya” kafedrasının müdiri Sevinc Vəliyeva açaraq mövzunun aktuallığını, uşaqların sağlam mühitdə böyüməsi üçün ailə, cəmiyyət və dövlət tərəfindən göstərilən diqqət, qayğı və tətbiq olunan hüquqi mexanizmlərin əhəmiyyətini vurğulayıb.
Kafedranın müəllimi və dərnəyin rəhbəri Ülviyyə Nağıyeva “Uşaq hüquqlarının müdafiəsində valideyn məsuliyyəti” adlı məruzəsində ailənin uşağın sosial və emosional inkişafındakı birinci dərəcəli rolundan, valideynlərin maariflənməsinin hüquqların təminində əsas şərt olmasından danışıb.
Daha sonra Pedaqoji fakültənin İbtidai sinif müəllimliyi ixtisası üzrə təhsil alan tələbələri-dərnəyin fəal üzvlərinin məruzələri dinlənilib. Türkay Həsənova “Uşaq hüquqlarının təminində təhsil müəssisələrinin rolu” mövzusundakı çıxışında məktəbin uşaqların hüquqi maarifləndirilməsində, təhlükəsiz və sağlam təhsil mühitinin yaradılmasında, eləcə də zorakılığın qarşısının alınmasında mühüm funksiyalar yerinə yetirdiyini qeyd edib.
Xanım Cəfərzadə isə “Uşaq hüquqlarının qorunması istiqamətində dövlət siyasəti” adlı məruzəsində ölkəmizdə uşaq hüquqlarının müdafiəsinə dair qanunvericilik bazası, dövlət proqramları və mövcud sosial xidmət mexanizmləri haqqında ətraflı məlumat verib.
Məruzələrdə ümumilikdə uşaqların hüquqi, psixoloji və sosial rifahının təmin olunmasında ailə, məktəb və dövlətin qarşılıqlı əməkdaşlığının vacibliyi, bu istiqamətdə davamlı maarifləndirmə işinin aparılmasının zəruriliyi xüsusi vurğulanıb.
Tədbir mövzu ətrafında geniş müzakirələrlə davam edib

