Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr edilmiş “Əbədiyaşar Füzuli” adlı tədbir keçirilib
Pedaqogika və psixologiya kafedrasının professoru Kamal Camalovun təşkilatçılığı ilə NMİ kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr edilmiş “Əbədiyaşar Füzuli” mövzusunda tədbir təşkil edilib.
Tədbirdə giriş sözü ilə institutun Tədris işləri üzrə prorektoru Elşən Məmmədov, “Gözəllik nəğməkarı Füzuli” mövzusunda Pedaqogika və psixologiya kafedrasının professoru Kamal Camalov,
II kurs magistr tələbələri Firuzə Abdullayeva və Leyla Məhərrəmova uyğun olaraq
“Məhəmməd Füzulinin həyat və yaradıcılığı” və “Məhəmməd Füzulinin əxlaqi görüşləri” mövzularında çıxış ediblər.
Vurğulanıb ki, görkəmli mütəfəkkirin görüşlərində mövcud quruluşun nöqsanlarını və ədalətsizliklərini sadə xalq kütlələrinə üz verən bədbəxtliklərin əsas mənbəyi kimi qiymətləndirildiyi aydın görünür. Bildirilib ki, Füzuli öz tərəqqipərvər və ardıcıl mövqeyi ilə həmişə xalqın tərəfində olan, onun köklü mənafelərinin müdafiəsinə çalışan mütəfəkkir – vətəndaş olmuşdur. Məhəmməd Füzulinin qəzəlləri, rübailəri, qitələri, tərci-bəndləri, tərkib-bəndləri, müxəmməsləri, mürəbbeləri, poemaları onun bu janrların spesifikasını, qayda-qanunlarını, poetik xüsusiyyətlərini, Şərq poetikasının bütün incəliklərini mükəmməl bilməsindən xəbər verir. Şairin hər üç dildə yaratdığı divanların dibaçələrini oxuyanda Füzulinin ədəbi görüşləri, nəzəri-estetik baxışları haqqında müəyyən təsəvvür formalaşır.