Naxçıvan Müəllimlər İnstitutunda Respublika idman yarışlarında və 10-17 noyabr “Beynəlxalq Tələbə-Gənclər Həftəsi” ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəsissələrinin tələbələri arasında keçirilən yarışların müxtəlif növlərində qalib olmuş tələbələrlə görüş keçirilmişdir.
İntitutun rektoru Elbrus İsayev görüşdə çıxış edərək bildirib ki, 1996-cı ildən etibarən hər il noyabrın 10-17-də ölkəmizdə Beynəlxalq Tələbə-Gənclər Həftəsi kimi qeyd olunur. Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrlərdə gənc nəslə qayğını həmişə ön plana çəkmiş, gənclərin əsl himayədarı olmaqla, onların sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrində fəal iştirakının təmin olunmasını diqqət mərkəzində saxlayıb.
Azərbaycan gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran müdrik rəhbər müstəqillik illərində dövlət gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə çox mühüm sənədlər imzalamışdır. Bu gün dövlət gənclər siyasəti Prezident İlham Əliyevin diqqət və qayğısı ilə özünün keyfiyyətcə yeni inkişaf mərhələsini yaşayır. Vurğulanıb ki, bu günədək Naxçıvan Muxtar Respublikasında dövlət gənclər siyasəti uğurla davam etdirilir. Muxtar Respublikamızda son illərdə gənc nəslin, tələbə-gənclərin sağlam, vətənpərvərlik, milli dəyərlərə bağlılıq ruhunda böyümələri, yüksək səviyyədə təhsil almaları, ictimai-siyasi, iqtisadi və mədəni həyatda fəal iştirakı, gənc istedadlara dövlət qayğısının artırılması, dövlət idarəçiliyində gənclərin irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Muxtar diyarda fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəsissələrində təhsil alan tələbə-gənclərin vətənpərvərlik ruhunda yetişib formalaşmasında, maddi rifah halının yüksəldilməsi üçün genişmiqyaslı tədbirlər həyata keçirilir.