Noyabrın 19-da Naxçıvan Müəllimlər İnstitutunda İnnovasiya laboratoriyasının (İnnolab) təşkilatçılığı və Naxçıvan Muxtar Republikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin əməkdaşlarının iştirakı ilə Startapla bağlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə institutun prorektoru Azad Novruzov açaraq Muxtar Respublikamizda təhsilin inkişafı, güclü təhsil infrastrukturunun, yüksək ixtisaslı kadr hazırlığının və maddi-texniki bazanın yaradılması istiqamətində çox mühüm addımlar atıldığını qeyd etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamından irəli gələrək Naxçıvan Müəllimlər İnstitutunda da Startapla bağlı, yeni ideyaların, layihələrin dəstəklənməsi ilə bağlı bir sıra tədbirlərin keçirildiyini qeyd etmişdir. Sonra Rabitə və Yeni Texnologiyalar Nazirliyinin şöbə müdiri Hüseyn Əsgərli “Startup.nakhchivan.az” internet portalını Naxçıvan Müəllimlər İnstitutunun müəllim və tələbə heyətinə bölmələr və modullar üzrə geniş şəkildə təqdim etmişdir. “İdeyadan Biznesə” startap layihəsində final mərhələsinə yüksələn “PayPort” layihəsinin komanda üzvləri öz təcrübələrini tələbələrlə bölüşdülər. Maarifləndirici tədbirdə tələbələrin Startapla bağlı sualları cavablandırılmış və təklifləri nəzərə alınmışdır. Tədbir diskussiya şəraitində davam etmişdir.
Tədbirin sonunda Naxçıvan Müəllimlər İnstitutunun prorektoru Azad Novruzov Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin əməkdaşlarına təqdimat üçün dərin minnətdarlığını bildirmiş, gələcək işlərində uğurlar arzulamışdır.