“17 Noyabr- Dirçəliş Günü”-nə həsr olunmuş tədbir keçirilib

402270346_861405368974249_4114374666474955066_n
Naxçıvan Müəllimlər İnstitutunda “17 Noyabr- Dirçəliş Günü”-nə həsr olunmuş tədbir keçirilib
Tədbirdə İnstitutun rektoru Azad Novruzov çıxış edərək bu tarixi günün əhəmiyyətindən danışaraq qeyd edib ki, 17 Noyabr – Milli Dirçəliş Günü dövlətimizin müstəqilliyinin bərpa edilməsində tarixi gün kimi xalqımızın taleyində mühüm yer tutur. Daha sonra bu tarix ümummilli lider Heydər Əliyevin möhtəşəm siyasi kursu sayəsində Azərbaycanın müstəqilliyinin təməli günü kimi tarixə düşdü və ölkəmizin müasir inkişaf yolunun başlanğıcı kimi hər il qeyd olunur. Rektor bildirib ki, keçən əsrin axırlarında Sovet İttifaqının Azərbaycan xalqına qarşı ayrı-seçkilik siyasəti özünü kəskin büruzə verdi. Ermənistan Respublikası o vaxtkı hakimiyyətin dəstəyi ilə Dağlıq Qarabağda azərbaycanlılara qarşı ərazi iddialarına başladılar. Ermənilərin Topxana meşəsini qırması və Ağdamda azərbaycanlıların qətlə yetirmələri Bakıda milli hissləri alovlandırdı. 1988-ci ildə xalq hərəkatının alovlandığı bir vaxtda Azərbaycana rəhbərlik edən qüvvələr mövcud vəziyyəti qiymətləndirə bilmədilər. Həmin dövrdə bir-birini əvəzləyən hakimiyyət qüvvələri xalqın dirçəlişini müsbət səmtə yönəltmək iqtidarında olmadılar. Sonrakı dövrdə Ulu öndər Heydər Əliyev xalqın israrlı tələbi ilə yenidən hakimiyyətə gəldi. Ümummilli lider Heydər Əliyev uzaqgörənlilik və müdrikliklə Azərbaycanın hərtərəfli inkişafı, siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi üçün böyük işlər görmüş, möhkəm təməllər yaratmışdır deyən rektor diqqətə çatdırıb ki, bu yolu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpası üçün ilk növbədə, iqtisadi gücün vacibliyini bəyan etmiş və düzgün strategiya, düşünülmüş məqsədyönlü, mütəşəkkil siyasət nəticəsində Ermənistan hərbi birləşmələrinin 4 il ərzində tədricən işğal etdiyi və 30 ilə yaxın dövr ərzində işğalda saxlayaraq ərazisində güclü müdafiə xətləri qurduğu Azərbaycan torpaqları 44 gün ərzində azad edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuş, Ermənistan-Azərbaycan münaqişəsi tarixə çevrilmişdir.
Sonra Humanitar və ictimai fənlər kafedranın müdiri Aslan İbrahimov və Pedaqoji fakültənin Tarix müəllimliyi ixtisası üzrə II kurs tələbəsi Babazadə Amil çıxış etmişlər. Çıxışlarda 1988-ci ilin noyabr hadisələrinin tarixi əhəmiyyətindən, dövlət müstəqilliyinin bərpa olunmasından, ümummilli lider Heydər Əliyevin dövlət müstəqilliyimizin qorunması və möhkəmləndirilməsində xidmətlərindən, ölkədə gedən sosial-iqtisadi inkişafdan bəhs olunmuşdur. Həmçinin diqqətə çatdırılıb ki, hakimiyyətə gəldiyi gündən Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində müstəqil Azərbaycan Respublikası dünya miqyasında layiqincə tanındı və böyük nüfuza malik oldu. Müasir dövrümüzdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gərgin fəaliyyəti və məqsədyönlü siyasəti ölkəmizi inamla gələcəyə və yeni-yeni uğurlara aparır.
Natiqlər həmçinin qeyd ediblər ki, bugünkü Zəfərimizin ilk qığılcımları məhz 1988-ci ildəki azadlıq hərəkatı ilə başlanıb.
Sonda günün mahiyyətini ifadə edən videoçarx nümayiş etdirilib və tələbələr mövzu ilə bağlı fikirlərini bildiriblər.
Aygül Məmmədova
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti