Naxçıvan Müəllimlər İnstitutunda kitab təqdimatı keçirilmişdir

Bu günlərdə Naxçıvan Müəllimlər İnstitutunda AMEA-nın həqiqi üzvü Tariyel Talıbov və institutun Ümumi fənlər kafedrasının baş müəllimi Lamiyə Quliyevanın birgə müəllifliyi ilə yenicə işıq üzü görmüş “Naxçıvan Muxtar Respublikasının florası – Papaveraceae Juss” kitabının təqdimatı keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan institutun rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev bildirdi ki, ali təhsil müəssisələrində keçirilən geniş spektrli tədbirlər sırasında kitab təqdimatlarının xüsusi yeri və əhəmiyyəti vardır. Professor-müəllim heyəti və tələbə kollektivi qarşısında təqdim olunan istənilən kitab, xüsusən də elmi və tədris əhəmiyyəti olan kitab daha asanlıqla öz ünvanına yetişir, öz oxucusunu tapır. Bundan başqa, müasir dövrdə ali təhsildə “tədqiqat-tədris-innovasiya” üçbucağının əhəmiyyətinə dövlət sənədlərində xüsusi yer ayrılır. İstər ölkəmizdə fəaliyyət göstərən akademiya sisteminin qurumları ilə ali təhsil müəssisələrinin elmi əməkdaşlığı, istərsə yeni elmi biliklərin tədrisə daxil edilməsi, istərsə də cari tədris ilində institutda Biologiya müəllimliyi ixtisası üzrə kadr hazırlığına başlanılması baxımından yanaşıldıqda bugünkü kitab təqdimatı tamamilə təqdirəlayiqdir. Daha sonra qeyd edildi ki, monoqrafiyanın həmmüəllifi, institutun baş müəllimi Lamiyə Quliyeva biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün bir neçə il ərzində apardığı elmi araşdırmaların nəticəsi kimi hazırladığı tədqiqat işini bu günlərdə AMEA-nın nəzdindəki Dissertasiya şurasında uğurla müdafiə etmişdir. Onun Naxçıvan Muxtar Respublikasının florasında özünəməxsus yeri olan Laləkimilər fəsiləsinə həsr etdiyi dissertasiya işi mütəxəssislər tərəfindən də yüksək qiymətləndirilmişdir. Elmi-tədqiqat fəaliyyətini pedaqoji işlə üzvi şəkildə uzlaşdıran L.Quliyeva Naxçıvan Müəllimlər İnstitutunun ictimai həyatında fəal iştirakı, tələbələrə qarşı tələbkar və qayğıkeş münasibəti ilə də fərqlənən əməkdaşlardandır.                                                                                            

Tədbirdə Ümumi fənlər kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent A.Axundovun “Naxçıvan Muxtar Respublikasında Laləkimilərin tədqiqinə sanballı töhfə”, AMEA-nın Naxçıvan Bölməsinin Nəbatat şöbəsinin böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Ə.Nəsirovanın “Naxçıvan Muxtar Respublikasının florası – Papaveraceae Juss” kitabının elmi-praktik əhəmiyyəti” mövzularında məruzələri dinlənildi. Təbiət və incəsənət fakültəsinin dekanı, dosent R.Vəliyev, Pedaqoji fakültənin dekan müavini T.Hüseynova, Ümumi fənlər kafedrasının laborantı S.Əliyeva və Naxçıvan Müəllimlər İnstitutunun Tələbə Elmi Cəmiyyətinin sədri F.Həsənova məruzə ətrafında çıxış etdilər. Məruzə və çıxışlarda təqdim olunan kitabın məziyyətləri, onun elmi və praktik əhəmiyyəti barəsində ətraflı məlumat verildi. Bildirildi ki, əsər giriş, yeddi fəsil, nəticə, istifadə edilmiş ədəbiyyat siyahısı, çoxsaylı illüstrasiya, sxem, cədvəl, diaqram, xəritə və digər yardımçı vasitələri ehtiva edən əlavələrdən  ibarətdir. Qeyd olundu ki, bu monoqrafiya Naxçıvan Muxtar Respublikasının florasında sistemli şəkildə aparılmış elmi-tədqiqatlar sırasında Laləkimilər fəsiləsinə həsr olunmuş ilk fundamental əsərdir. Laləkimilərin tədqiqinə sanballı töhfə kimi dəyərləndirilən bu əsərin həm də böyük elmi-praktik əhəmiyyətə malik olduğu tədbir iştirakçılarının diqqətinə çatdırıldı.

Tədbirin sonunda minnətdarlıq sözü ilə çıxış edən Lamiyə Quliyeva muxtar respublikamızda, onun elm və tədris müəssisələrində elmi-tədqiqatların aparılması, əldə olunmuş biliklərin təhsil müəssisələrində tədrisə tətbiq edilməsi üçün yaradılmış şəraitə, bu istiqamətdə çalışan insanlara göstərilən diqqət və qayğıya görə müəlliflər adından dərin minnətdarlığını bildirdi. O sonda tələbələrin  suallarını cavablandırdı, kitabların nüsxələrini tədbir iştirakçılarına və institut kitabxanasına hədiyyə etdi. Təqdimatdan sonra əsərin yazılmasında istifadə edilmiş, tədqiqatçılar tərəfindən hazırlanmış çoxsaylı herbarilərə baxış keçirildi. Kitab təqdimatı və herbarilərdən ibarət sərgi tədbir iştirakçılarının böyük marağına səbəb oldu.

 

                                                                                Naxçıvan Müəllimlər İnstitutu