Tədbirdə Konstitusiyamızın memarı Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi ehtiramla yad edilib.
Tədbiri giriş sözü ilə institutun rektoru vəzifələrini icra edən dosent Elşən Məmmədov açaraq Azərbaycan Respublikasının Konstitusiyasının dövlətçilik tariximizdəki əhəmiyyətindən, həmçinin Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunmasından danışıb. O qeyd edib ki, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiya müstəqil Azərbaycanın siyasi, iqtisadi və hüquqi əsaslarını müəyyənləşdirib, vətəndaş cəmiyyətinin formalaşmasına geniş imkanlar yaradıb.
Elşən Məmmədov çıxışında vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən hazırlanaraq xalqımızın iradəsi ilə qəbul olunan bu sənəd dövlətin demokratik inkişafının möhkəm təməlini qoyub. Qeyd olunub ki, bu gün Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirir, Konstitusiyanın prinsipləri əsasında həyata keçirilən islahatlar müasir Azərbaycanın gücünü və beynəlxalq nüfuzunu daha da artırır, insan hüquqlarının qorunmasına və rifahın yüksəlməsinə xidmət edir.
Sonra institutun Ümumi işlər üzrə prorektoru Xəyal Camalov “Azərbaycan gəncliyinin Konstitusiyada müəyyən edilmiş vəzifələri” mövzusunda çıxış edərək gənclərin dövlət qarşısında məsuliyyətini və cəmiyyətin inkişafında rolunu vurğulayıb. O qeyd edib ki, Konstitusiyada təsbit olunan hüquq və vəzifələrin dərindən mənimsənilməsi gənclərin milli şüurunun formalaşmasında və vətənpərvərlik ruhunun möhkəmlənməsində mühüm əhəmiyyət daşıyır.
“Dövlət rəmzləri – müstəqilliyimizin simvolu” mövzusunda çıxış edən Təbiət və incəsənət fakültəsinin dekanı, dosent Rövşən Vəliyev dövlət atributlarının tarixi mənasını və vətənpərvərlik baxımından daşıdığı dəyəri diqqətə çatdırıb.
Daha sonra “Atributlarımıza hörmət gənclərimizin mənəvi borcudur” mövzusunda çıxış edən Pedaqoji fakültənin dekanı, dosent Samirə Həsənova dövlət rəmzlərinə sevgi və hörmətin vətənpərvərlik hissinin ayrılmaz tərkib hissəsi olduğunu qeyd edib.
Sonda Hümanitar və ictimai fənlər kafedrasının müəllimi, Tələbə Gənclər Təşkilatının sədri Altay Cəfərli “Azərbaycan Konstitusiyasının yaranma tarixi” mövzusunda çıxış edərək 1995-ci il Konstitusiyasının hazırlanma prosesi, referendumun keçirilməsi və bu sənədin dövlət idarəçiliyindəki əhəmiyyətindən bəhs edib.
Tədbirdə vurğulanıb ki, Azərbaycan gəncliyi ölkənin gələcəyi kimi Konstitusiyanın prinsiplərinə sadiq qalmalı, dövlət rəmzlərinə hörmətlə yanaşmalı və müstəqil Azərbaycanın inkişafına öz biliyi və əməli fəaliyyəti ilə töhfə verməlidir.


