Naxçıvan Müəllimlər İnstitutunda rəsm əsərlərinin təqdimatı keçirilib

400197155_856425586138894_5814761405767985891_n
Naxçıvan Müəllimlər İnstitutunda rəsm əsərlərinin təqdimatı keçirilib
07 noyabr tarixində Naxçıvan Müəllimlər İnstitutunda “Zəfər Günü” və “Bayraq Günü”-nə həsr olunmuş sərgidə müəllim və tələbələrin əsərləri nümayiş etdirilib.
İncəsənət kafedrasının, və “Təsvir incəsənət müəllimliyi” ixtisasında təhsil alan tələbələrin əl işlərindən ibarət sərginin açılışında giriş sözü ilə institutun rektoru Azad Novruzov çıxış edib. Rektor diqqətə çatdırıb ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən Müharibəsində göstərdiyi qəhrəmanlıq və qazanılmış möhtəşəm tarixi Zəfər, həmçinin işğaldan azad olunmuş ərazilərin təbiət gözəllikləri əsərlərdə yüksək məhəbbət və məharətlə nümayiş etdirilib.
Sonra İncəsənət kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Həbibə Allahverdiyeva tələbələrin yaradıcılıq imkanlarının artırılması, qazandıqları uğurlar və çəkilən rəsmlər, onların janrları haqqında məlumat verib.
Sonda rəsm əsərlərinə baxış keçirilib. Sərgidə realizm və romantizm üslublarında, rəngkarlıq, qrafika və dekorativ tətbiqi sənət janrlarında işlənmiş portret, mənzərə və tematik tablolardan ibarət 20-dan artıq əsər nümayiş olunub.
Əsərlər tamaşaçıların marağına səbəb olub. Sərgi ilə tanış olanlar rəsm əsərlərini yüksək qiymətləndiriblər.
Aygül Məmmədova
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti