Naxçıvan Müəllimlər İnstitutunda kitab təqdimatı keçirilib

23 oktyabr tarixində institutun Riyaziyyatın tədrisi metodikası kafedrasının dosenti Nazilə Lətif qızı Muradovanın yazdığı “Riyaziyyata giriş” adlı dərs vəsaitinin təqdimatı keçirilib. Kitab ibtidai sinif müəllimliyi ixtisası üçün nəzərdə tutulsada riyaziyyatın tədrisi aparıldığı digər ixtisaslar üçün də əhəmiyyətlidir. Təqdimatda institutun rektoru və eyni zamanda dərs vəsaitinin elmi redaktoru olan Azad Novruzov çıxış edərək bildirib ki, bu dərs vəsaiti Naxçıvan Müəllimlər İnstitutunun İbtidai sinif müəllimliyi ixtisasında təhsil alan tələbələr üçün çox dəyərli vəsaitdir. Kitabın dili sadə, anlaşıqlı və quruluşu standartlara uyğundur.
Sonra Təbiət və incəsənət fakültəsinin dekanı Rövşən Vəliyev, Riyaziyyat və tədrisi metodikası kafedrasının müdiri, kitabın rəyçilərindən biri olan Yaqub Məmmədov, Ali riyaziyyat və informatika kafedrasının müdiri Sahib Əliyev çıxış edərək bildiriblər ki, cari ildə müəllifin üç kitab təqdimatı keçirilib, bu baxımdan aparılan araşdırmalar, böyük zəhmət tələb edir və kitablarda toxunulan mövzular öz aktuallığı və aydınlığı ilə seçilir. Natiqlər kitabın mövzuları və bölmələri haqqında fikirlərini bildirib, müəllifi yeni nailiyyəti üçün təbrik edərək gələcək elmi fəaliyyətində müvəffəqiyyətlər arzulayıblar.
Sonda kitabın müəllifi Nazilə Muradova çıxış edər iştirakçılara minnətdarlığını bildirib, kitabın ərsəyə gəlməsi prosesindən, əhəmiyyətindən danışıb. Vurğulayıb ki, əldə etdiyim uğurlarımda məhz elmi-pedaqoji fəaliyyət göstərdiyim müəssisə- Naxçıvan Müəllimlər İnstitutunun rolu çox böyükdür.