14 oktyabr 2025-ci il tarixdə Naxçıvan Müəllimlər İnstitutunda “Pedaqogika nəzəriyyəsi və tarixi” ixtisası üzrə II kurs magistratura tələbələrinin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş “…bir Bəxtiyar var idi – 100” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə institutun rektoru vəzifəsini icra edən, tədris işləri üzrə prorektor Elşən Məmmədov açaraq, Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbiyyatında və milli düşüncə tarixindəki əvəzsiz xidmətlərindən danışıb. O, şairin yaradıcılığında milli azadlıq ideyalarının, dilə və vətənə məhəbbətin, humanist və vətəndaşlıq duyğularının dərin bədii ifadəsini tapdığını vurğulayıb. Elşən Məmmədov qeyd edib ki, Bəxtiyar Vahabzadə təkcə bir sənətkar deyil, həm də bir maarifçi, bir müəllim, bir vətəndaşlıq simvoludur.
Daha sonra tədbir çərçivəsində magistrantların elmi və bədii çıxışları dinlənilib.
Tədbirdə Tural Paşayev “Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı”, Könül Hacıyeva “Bəxtiyar Vahabzadənin pedaqoji görüşləri”, Ceyran İsayeva “Ana dili”, İnci Məmmədova “Riyakar”, Elşən Abbasov “Gülüstan” poeması, Tarana Əliyeva “Ana vətənim”, İnci Muradova “Bayraq”, Oruç Qədimov “İstiqlal” poeması, Ləman Zeynalova “Azərbaycan, Türkiyə”, Şəhriyar Rzazadə “İki kor”, Durna Ələkbərova “Qara saçlar, ağ saçlar”, Vüsal İsmayılov isə “Aclardan toxlara” mövzularında çıxış ediblər.
Çıxışlarda Bəxtiyar Vahabzadənin həyatı və yaradıcılığının çoxşaxəli istiqamətləri müxtəlif aspektlərdən təhlil olunub. Həmçinin natiqlər şairin əsərlərində milli kimlik, vətənpərvərlik, azadlıq, ədalət və mənəvi bütövlük ideyalarının əsas yer tutduğunu vurğulayıblar. Şairin “Gülüstan”, “İstiqlal”, “Ana dili” kimi əsərlərinin azərbaycançılıq düşüncəsinin formalaşmasında rolu geniş şəkildə dəyərləndirilib.
Bəxtiyar Vahabzadənin pedaqoji görüşlərindən danışan çıxışçılar onun müəllim şəxsiyyətinə, gənclərlə ünsiyyət tərzinə, maarifçilik fəaliyyətinə və milli ruhun təbliğindəki əzmkarlığına xüsusi diqqət çəkiblər.
“Bədii hissə” ilə davam edən tədbirdə tələbələrin ifasında mahnı və bədii kompozisiya səsləndirilib. Ttəqdimatlar tədbirə xüsusi emosional ruh və ədəbi dərinlik bəxş edib.
Sonda çıxış edənlər belə tədbirlərin gənclərdə milli-mənəvi dəyərlərin aşılanması, vətənə sevgi hisslərinin gücləndirilməsi və ədəbiyyata marağın artırılmasında mühüm rol oynadığını qeyd edib tədbir bütün mənası ilə uğurlu ədəbi-bədii görüş kimi yadda qalıb.
Qeyd etmək lazımdır ki, magistrantlar tədbirə yüksək səviyyədə hazırlaşmış, həm elmi baxımdan əsaslı, həm də bədii cəhətdən təsirli çıxışları onların şairin yaradıcılığına olan sevgisini, mənəvi bağlılığını və milli dəyərlərə sadiqliyini aydın şəkildə nümayiş etdirmişdir.
Bu münasibətlə onlara gələcək elmi-pedaqoji fəaliyyətlərində uğurlar və bol nailiyyətlər arzu edirik!


