Dərin kədər hissi ilə bildiririk ki, Naxçıvan Müəllimlər İnstitutunun Pedaqogika və psixologiya kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” Vahid Məmməd oğlu Rzayev vəfat edib.
Vahid Rzayev 1952-ci ildə Şərur rayonunda anadan olmuşdur. O, 1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirmiş, 1979-cu ildən pedaqoji fəaliyyətə başlamışdır. 1989-cu ildə “Zaqafqaziya xalqlarının pedaqoji əlaqələri (XIX əsr və XX əsrin əvvəlləri)” mövzusunda dissertasiya müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Mərhum alim 2000-ci ildən etibarən Naxçıvan Müəllimlər İnstitutunda fəaliyyət göstərmiş, institutun Pedaqogika və psixologiya kafedrasında dosent kimi uzun illər çalışmışdır. O, pedaqoji elmin inkişafında, gənc müəllimlərin hazırlanmasında və elmi kadrların yetişdirilməsində mühüm xidmətlər göstərmişdir.
Vahid Rzayevin müəllifi olduğu “Naxçıvanda məktəb və pedaqoji fikir”, “Maarif pərvanəsi”, “Naxçıvanda qadın təhsili və tərbiyəsi tarixindən” və digər əsərlər Azərbaycan təhsil tarixinin öyrənilməsində dəyərli mənbələrdəndir. O, 7 kitabın, 3 metodik vəsaitin və 100-dən çox elmi məqalənin müəllifi idi.
Təvazökar, səmimi və elmə bağlı bir ziyalı kimi tanınan Vahid Rzayev həmkarlarının, tələbələrinin və onu tanıyanların qəlbində hörmət və ehtiramla xatırlanacaqdır.
Naxçıvan Müəllimlər İnstitutunun rəhbərliyi və kollektivi mərhumun ailəsinə, yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin.

