“Yaşıl dünya naminə həmrəylik” ilinə həsr olunmuş növbəti kitab təqdimatı keçirilmişdir.

“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş, müəllifləri Biologiya üzrə elmlər doktoru, professor, AMEA-nın həqiqi üzvü (akademik) Tarıyel Talıbov və Biologiya üzrə fəlsəfə doktoru Nurlanə Novruzi olan DƏRƏLƏYƏZ SİLSİLƏSİNİN NADİR BİTKİLƏRİ (Naxçıvan Muxtar Respublikası sərhədlərində) adlı monoqrafiyanın təqdimatı keçirilmişdir.
Kitab təqdimatında Bioresurslar İnstitutu (Naxçıvan) və NMİ-nin bir qrup professor-müəllim heyəti və tələbələr iştirak etmişdir.
Təqdim edilən kitabda Dərələyəz silsiləsinin fiziki – coğrafi şəraiti, ali sporlu, çılpaqtoxumlu və örtülütoxumlu bitkilərin nadir növləri haqqında son tədqiqat materialları öz əksini tapmışdır. Həmin ərazidə nadir bitkilərin yayıldığı sahələr, populyasiyalarının mövcud durumu, statusu və mühafizə yolları, bəzi növləri rəngli şəkilləri təqdim edilmişdir. Kitabdan botaniklər, tədqiqatçı ekoloqlar və bütün təbiətsevərlər yararlana bilər.
Kitab təqdimatında çıxışlarda qeyd olunmuşdur ki, təbiətdə və insan cəmiyyətində əvəzsiz rolu olan bitkilərin, onların təbii fitosenozlarının qorunması ən vacib ümumxalq işi və dövlət əhəmiyyətli məsələdir. Dərələyəz silsiləsi ərazisinin bitkilər aləminin öyrənilməsi, flora biomüxtəlifliyinin aşkarlanması, onların formalaşdırdığı bitkilik tiplərinin müəyyənləşdirilməsi vacib və aktual bir problemdir.
Lakin son dövrlər təbiətə təsir mexanizmlərinə başlıca olaraq iqlim faktorları ilə yanaşı, insanın təsərrüfat tədbirlərinin nizamlanmaması da birbaşa və ya dolayısı yolla ciddi təsir edir. Bura otlaq və biçənək sahələrdə zəhərli və zərərli bitkilərin durmadan artması, biçin zamanının düzgün nizamlanmaması da misal ola bilər. Qeyd edilən problemlərlə bərabər, Dərələyəz silsiləsinin uzun illərdir ki, mənfur qonşularımızım günahı ucbatından müharibə zonasına çevrilməsi də mühüm məsələdir. Yüksək dağlıq zonada buna müvafiq olaraq sərhəd zolağı boyunca səngər və digər müdafiə qurğuları üçün tikililərin yaradılması, yolların çəkilməsi və s. həyati vacib işlər olsa da, təbiətə bu və digər formada ziyan vermişdir. Bütün bunlara baxmayaraq silsilənin flora biomüxtəlifliyinə daxil olan nadir növlərini aşkar edərək, onların müasir durumunu araşdıraraq, mühafizə yollarının müəyyənləşdirilməsi başlıca məqsədi olmuşdur.