Dünya Xalqları Yazıçılar Birliyinin üzvü, psixiatr-narkoloq Asif Kəngərli ilə İnstitutun tələbələrinin görüşü keçirilib.
Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Naxçıvan Müəllimlər İnstitutunun Tədbirlər Planına uyğun olaraq yazıçı, Dünya Xalqları Yazıçılar Birliyinin üzvü, psixiatr-narkoloq Asif Kəngərli ilə İnstitutun tələbələrinin görüşü keçirilib. Görüşdə həmçinin görkəmli şairlərdən olan Səhər Əhməd və Aləm Kəngərli də iştirak edib. Görüşdən öncə maarifləndirmə məqsədi ilə Asif Kəngərlinin “Bəla” pyesinə çəkilmiş sənədli filim nümayiş olunub. Tədbirdə giriş sözü ilə çıxış edən institutun rektoru Azad Novruzov bildirib ki, ölkəmizdə narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifədir. Sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər arasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə bir dövlət siyasətidir. Cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır. Bu problemin həllinə xidmət edən mühüm addımlardan biri də xüsusi ilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsidir.
Asif Kəngərli öz çıxışında bildirib ki, yazdığım kitablarda çalışmışam ki, konkret mövzunu dolğun əhatə edim: çatdırılan fikir oxucunu həqiqətən silkələyib ayıltsın, onu düşündürsün, bir çox suallarına cavab verə bilsin – bir sözlə, kitablar oxunsun, fayda versin. Hələ, bəlkə, kiminsə həyatını dəyişdirsin; çünki siqaret çəkən, spirtli içki içən, narkotik maddə qəbul eləyən – bir cür adamdır, onu eləməyən – tamamilə başqa adam…
“Əminəm ki, asılılıq verən maddələr barədəki bu kitablar hər qəlbdə, hər kitabxanada öz layiqli yerini tutacaqdır. Onlar bilik və məlumat mənbəyi kimi maariflənmə işində gənclərin yardımçısı olacaq, zövqünüzü oxşayacaq, sizi Xeyirin Şərə qalib gəlməsi üçün səsləyəcəkdir” -deyən natiq diqqətə çatdırıb ki, çox vacib saydığım bu missiyanı yerinə yetirə bildiyimə görə rahat və xoşbəxtəm – bunun üçün Allahın mənə verdiyi möhlətə, ailəmə, bir də dostlarıma minnətdaram.
İnstitutun maddi texniki bazası ilə yaxından tanış olan Asif Kəngərli çıxışının sonunda İnstitut rəhbərliyinə onlar üçün yaradılan şəraitə görə təşəkkür edib, gənclərə gələcək həyatlarında uğurlar arzulayıb.
Tədbir zamanı şairlər öz yaradıcılıqlarından parçalar səsləndiriblər. Hər üç qonağın yaradıcılıq nümunələrindən ibarət kitablar institutun kitabxanasına hədiyyə edilib, tələbələrin gələcək dövrlərdə də maarifləndirilməsi üçün oxunması tövsiyə olunub, gənclərin sağlam həyat tərzi təbliğ edilib. Yazıçı, Dünya Xalqları Yazıçılar Birliyinin üzvü, psixiatr-narkoloq Asif Kəngərlinin yaradıcılığında olan əsərlər haqqında danışılıb. Tədbirin gedişində tələbələrin ifasında Səhər Əhməd və Aləm Kəngərlinin müəllifi olduğu şeirlər səsləndirilib. İnstitutun magistrantı Ülkər Məmmədovanın Asif Kəngərlinin təqdimatı keçirilən “Bani” kitabının təhlili barədə çıxışı dinlənilib. Sonda tələbələr görüşlə bağlı xoş təəssüratlarını bildirib, xatirə şəkilləri çəkilib.