7 oktyabr 2024-cü il tarixində Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan MR üzrə Baş İdarəsinin birgə təşkilatçılığı ilə Naxçıvan Müəllimlər İnstitutunun tələbələri üçün “Hərbi vətənpərvərlik: vətəndaşlıq borcumuz, konstitusion vəzifələrimiz və məsuliyyətimiz” mövzusunda maarifləndirici tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Gənclərə hərbi vətənpərvərlik və milli-mənəvi dəyərlərin təbliği məqsədilə keçirilən tədbirdə giriş sözü ilə çıxış edən İnstitutun Ümumi işlər üzrə prorektoru Xəyal Camalov qeyd edib ki, gənclərin vətənpərvərlik tərbiyəsinin düzgün təşkili bizim qarşımızda duran ən vacib məsələlərdən biridir. Bu gün fəxarətlə demək olar ki, Azərbaycan xalqını milli birliyə səsləyən azərbaycançılıq ideologiyası var və bu ideologiyanın əsasını Azərbaycan Respublikası vətəndaşlarının milli vətənpərvərliyi təşkil edir və Respublika gəncləri vətən qarşısında öz vətəndaşlıq borclarını layiqincə başa düşür, onun qorunmasında və milli dövlətçilik quruculuğunda fəal iştirak edirlər.
Sonra Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan MR üzrə Baş İdarəsinin çağırış şöbəsinin müdiri Vüsal Əliyev mövzu ilə bağlı geniş çıxış ediblər. Çıxışlarda vurğulanıb ki, insanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Vətəni sevmək, onun ərazi bütövlüyünü, maddi və mənəvi sərvətlərini düşmənlərdən qorumaq, iqtisadi və hərbi qüdrətinin yüksəlməsinə nail olmaq, baş verə biləcək düşmən təxribatlarının qarşını almaq hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Natiqlər bildirib ki, müstəqil dövlət quruculuğu yolunda gənclərin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Bu vəzifələri isə yalnız öz vətənini sevən, onun tərəqqisinə çalışan və azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər yerinə yetirə bilər. Hazırda ölkəmizdə o cümlədən muxtar respublikada azərbaycançılıq ideologiyasının təşviqi və tətbiqi gənclərimizdə milli mənlik şüurunun inkişaf etdirilməsi və hərbi vətənpərvərlik hisslərinin artırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Bu mühüm vəzifə üçün biz də pedaqoji kollektivlə əlaqələrimizi daha da möhkəmlədəcək, gənclərimizin vətənpərvər, mərd, cəsur, cəmiyyətə yararlı vətəndaşlar kimi formalaşması istiqamətində daha böyük işlər görəcəyik.
Aygül Məmmədova
Naxçıvan Müəllimlər İnstitutunun Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi

