Naxçıvan Müəllimlər İnstitutunda “5 Oktyabr- Beynəlxalq Müəllimlər Günü” qeyd olunub
Tədbir Ulu öndər Heydər Əliyevin və qəhrəman şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə institutun rektoru Azad Novruzov açıb.
Çıxışının əvvəlində ulu öndər Heydər Əliyevin “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” sözlərini diqqətə çatdıran rektor qeyd edib ki, bu gün biz təhsilimizin hərtərəfli dövlət qayğısı ilə əhatə olunmasının şahidiyik. Əminliklə deyə bilərik ki, müəllimlərin sosial-rifahının yaxşılaşdırılması Azərbaycanda dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri, daha dəqiq desək birincisidir. Bu qayğının nəticəsi olaraq ölkəmizdə müəllimlərin sosial statusu artır, güzəranı getdikcə yaxşılaşır. Muxtar respublikamızda da hər il yeni təhsil ocaqları istifadəyə verililir, müəllimlərin əməyi qiymətləndirilir. Müəllimlərin əməyinin yüksək qiymətləndirilməsi, stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi təhsilimizin bugünkü inkişafının əsasını təşkil edir.
Azad Novruzov bildirib ki, Naxçıvan Müəllimlər İnstitutu da ölkəmizdə pedaqoji kadr hazırılığı aparan ali təhsil müəssisələrindən biridir. Burada yaradılmış şərait, yaxın zamanlarda institutumuzun publik hüquqi şəxs statusu alaraq yenidən təşkil olunması təhsilə göstərilən qayğının bariz nümunəsidir. Sevindirici haldır ki, institutumuzun məzunları müəllimlərin işə qəbulu imtahanlarında, eyni zamanda fəaliyyət göstərdikləri müəssisələrdə keyfiyyətli tədris metodikaları ilə yüksək nəticələri ilə seçilir. Bu bizə göstərilən etimada və üzərimizə düşən vəzifənin məsuliyyətinə münasibətimizin göstəricisidir. Rektor vurğulayıb ki, biz müəllimlər hazırlayan ali təhsil müəssisəsi kimi çalışmalıyıq ki, istənilən şəraitdə ömürboyu təhsil inkişafını təmin edə biləcək səriştəli kadrlar formalaşdıraq.
Azad Novruzov bu şərəfli və məsuliyyətli işlərində professor-müəllim heyətinə, gələcək müəllim kadrlara uğurlar arzulayıb və onların simasında bütün Azərbaycan müəllimlərini təbrik edib.
Sonra Riyaziyyat və tədrisi metodikası kafedrasının müdiri Yaqub Məmmədov, Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri Həsənəli Eyvazov və İnstitutun Tədris şöbəsinin müdiri Əhruz Mahmudovanın təbrikləri dinlənilib. Çıxışlarda diqqətə çatdırılıb ki, müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən gözəl peşədir. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir.Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Beynəlxalq Müəllimlər Günü bütün dünyada müəllim əməyini qeyd etməyə, parlaq zəkaların və istedadlı gənclərin bu peşəyə cəlb olunmasına və bu sahədə saxlanılmasının həlli yollarını tapmağa və ümumiləşdirmələr aparmağa imkan yaradır. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur.
Sonra tələbələrin ifasında müəllimlərə həsr olunmuş ədəbi-bədii kompozisiya, səhnəcik nümayiş edilib və şeirlər qiraət olunub.
Aygül Məmmədova
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələri üzrə baş mütəxəssis