“KönüllüSən!” layihəsi uğurla başa çatıb.

“İdeyanı reallaşdır 2023” gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsində qalib olan “KönüllüSən!” layihəsi uğurla başa çatıb
Azərbaycan Respublikası Gənclər Fondunun təşkilatçılığı və maliyyə dəstəyi ilə keçirilən “İdeyanı reallaşdır 2023” gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsində qalib olan Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Röya Məmmədovanın rəhbərliyi ilə həyata keçirilən “KönüllüSən!” layihəsi uğurla yekunlaşdırılıb. Qədim diyar Naxçıvanda Azərbaycan Respublikası Gənclər Fondunun Naxçıvan filialının, Naxçıvan Müəllimlər İnstitutunun, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı, həmin qurumların Eko könüllülərinin və ali və orta ixtisas təhsili müəssisələrinin Eko klub fəallarının iştirakı ilə reallaşan layihənin məqsədi gənclərin inkişafı və onların asudə vaxtını səmərəli və əyləncəli keçirməsinə, o cümlədən müxtəlif bölgələrdən olan gənclərin şəbəkələşməsinə və sosiallaşmasına dəstək vermək olub. Tədbirdə iştirak edən natiqlər bildirib ki, ölkəmizdə o cümlədən muxtar respublikamızda təbiətin mühafizəsi sahəsində görülən işlər və bu sahəyə göstərilən dövlət qayğısı hər birimizdən təbiətə, torpağa qayğı və sevgi ilə yanaşmağı tələb edir. Ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin mühüm rolu vardır. Buna görə də muxtar respublikada insanların ətraf mühit və ekoloji təhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılması, gənc nəslin ekoloji mədəniyyət səviyyəsinin təkmilləşdirilməsi və ətraf mühitin birgə mühafizəsinə cəlb olunması diqqət mərkəzində saxlanılmalıdır. Vurğulanıb ki, gənclərdə təbiətə məhəbbət hissini aşılamaqla, gələcək nəsillərə təmiz tullantısız ətraf mühitin vacibliyini vurğulamaq həmçinin ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək üçün bu layihəni icra edilməsi əhəmiyyətlidir.
Qeyd edək ki, Sentyabrın 10-dan etibarən icrasına başlanılan “KönüllüSən!” layihəsinin demək olar hər fəaliyyəti Təbiət qoynunda təşkil olunan açılış tədbiri, aksiya, ekoloji oyunlar, komanda işləri və əyləncəli fəaliyyətlər gənclərə həm maraqlı, həm də öyrədici təcrübə yaşadıb. Gənclər üçün hazırlanmış maraqlı proqram, onların həm asudə vaxtını səmərəli keçirməsinə, həm də şəxsi və peşəkar inkişafına töhfə verib. Layihə çərçivəsində natiqlərin çıxışları, Naxçıvan Ekoloji Maarifləndirmə və Ətraf Mühitin mühafizəsinə dəstək ictimai birliyi tərəfindən keçirilən təlim və interaktiv fəaliyyətlər gənclərin ekoloji maariflənməsini artırmaqla yanaşı, onların ekoloji məsələlərə məsuliyyətli yanaşmasını təşviq edib.
Daha ətraflı: Layihənin açılış tədbirində Azərbaycan Respublikası Gənclər Fondunun Naxçıvan filialının direktoru Arzu Qasımovun, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzovun, Naxçıvan Muxtar Respublikası Ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayevin, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudovun və layihə rəhbəri Röya Məmmədovanın çıxışları dinlənilmiş, ekoloji mədəniyyətin təbliği məqsədilə rəsm və dekorativ əl işlərindən ibarət sərgiyə baxış keçirilmişdir.
Layihənin ikinci fəaliyyətində ətraf mühiti tullantılardan təmizləmək məqsədilə Şahbuz rayon Vayxır gölü ətrafına ekskursiya edilərək “Təmiz mühit-sağlam gələcək” şüarı ilə gənclər arasında müzakirə təşkil edilmişdir.
Layihənin üçüncü fəaliyyətində Babək rayon Xalxal meşəsində “Gələcək üçün əl-ələ” adlı mini kamp keçirilmiş, giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Saleh Həsənov çıxış etmiş, Naxçıvan Ekoloji Maarifləndirmə və Ətraf Mühitin mühafizəsinə dəstək ictimai birliyininin sədri Aygül Məmmədovanın “Sağlam həyatın tələbləri” mövzusunda təlimi dinlənilmişdir, həmçinin gənclər mövzu ilə bağlı komanda işləri ilə çıxış edərək yeni təkliflər səsləndirmişdir.
Ümumilikdə kamp gənclər üçün əyləncəli, yadda qalan və öyrədici olub. İştirakçılar əyləncəli oyunlar, musiqi sədaları ilə öz istedadlarını da nümayiş etdiriblər. Həmçinin, kamp iştirakçıları müxtəlif bölgələrdən olan yaşıdları ilə tanış olub, yeni dostluqlar quraraq şəbəkələşmənin və sosiallaşmanın vacibliyini bir daha anlayıblar.
Layihənin bağlanış tədbiri tərəfdaş qurumların əməkdaşlarının iştirakı ilə Naxçıvan Müəllimlər İnstitutunda baş tutmuş, tədbirdə qonaqların layihə haqqında çıxışları ilə yanaşı, müsabiqənin nəticələri elan edilmiş, qaliblər mükafatlandırılmış, layihə iştirakçılarının təəssüratları dinlənilmişdir.