Naxçıvan Müəllimlər İnstitutu “Azərbaycanda Rektorlar Konfransı” (ECAR) layihəsində Assosiativ Tərəfdaş kimi təmsil olunur
Naxçıvan Müəllimlər İnstitutu “Azərbaycanda Rektorlar Konfransı” (ECAR) layihəsində Assosiativ Tərəfdaş kimi təmsil olunur
“Azərbaycanda Rektorlar Konfransı” (ECAR) layihəsi Bakı Biznes Universitetinin koordinatorluğu ilə Avropa Komissiyasının Erasmus+KA2 proqramı çərçivəsində qalib gəlmiş, əsas məqsədi Rektorlar Konfransının yaradılması yolu ilə milli universitetlər və qərar qəbul edənlər arasında güclü şəbəkə və əməkdaşlığı dəstəkləmək olmaqdır. İnstitutumuzun bu latyihiyəyə Assosiativ Tərəfdaş kimi qoşulmaq müraciətinə münasibət bildirilməsi üçün layihə koordinatorunun, tərəfdaş universitetlərin iştirakı ilə səsvermə keçirilmiş, bütün konsorsium üzvlərindən müsbət səs toplanmış və nəticə barədə koordinator tərəfindən Avropa Komissiyasına məktub ünvanlanmışdır. Avropa Komissiyası tərəfindən müraciətə baxılmış və Naxçıvan Müəllimlər İnstitutunun layihəyə Assosiativ Tərəfdaş olaraq qoşulmasına müsbət cavab verilmişdir. Bu münasibətlə institut rəhbərliyi professor-müəllim heyətini və tələbələri təbrik edir, prosesin uğurla başa çatmasında əməyi olan şəxslərə və layihə koordinatoruna öz təşəkkürünü bildirir, layihənin gələcək fəaliyyətində bütün tərəfdaş universitetlərə uğurlar arzu edir.
Qeyd edək ki, icra olunan layihədə xarici tərəfdaşlar olaraq Fransa Rektorlar Konfransı və Fransa Milli Təhsil Nazirliyinin qurumu olan CIEP təşkilatı, Polşa Rektorlar Konfransı, Belçikadan idarəetmənin inkişaf etdirilməsi sahəsində Avropanın ən böyük təşkilatlarından biri olan EFMD təşkilatı, İsveçdən Kral Texnologiya Universiteti, Litvadan Mykolos Romerius Universiteti və əlaqəli tərəfdaşlar qismində isə Finlandiya, İspaniya, Portuqaliya və Litvanın Rektorlar Konfransı, yerli tərəfdaşlar olaraq isə Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texnologiya Universiteti, Bakı Mühəndislik Universiteti, Naxçıvan Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Odlar Yurdu Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Avrasiya Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dillər Universiteti, Xəzər Universiteti, Azərbaycan Universiteti olmaqla 15 Azərbaycan universiteti yer alır, eyni zamanda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi də tərəfdaş olaraq iştirak edir.
Aygül Məmmədova
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti