Naxçıvan Müəllimlər İnstitutunda 15 sentyabr-“Bilik günü” münasibəti ilə tədbir keçirilib.
![379057483_823495869431866_2326519910307317491_n](https://www.nmi.edu.az/wp-content/uploads/2023/09/379057483_823495869431866_2326519910307317491_n-1024x682.jpg)
Tədbirdə institutun professor-müəllim heyəti, instituta yeni qəbul olan birinci kurs tələbələri və onların bir qrupunun valideynləri iştirak etmişdir.
Tədbirə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş videoçarxa baxışla başlanılıb, “Qarabağ müharibəsi” şəhidlərinin əziz xatirəsi anılıb.
İnstitutun rektoru Azad Novruzov çıxış edərək ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu milli təhsil strategiyasının bu gün uğurla davam etdirildiyini qeyd edib, gənc nəslə göstərilən diqqət və qayğıdan, ali və ümumtəhsil məktəblərində təhsilin inkişafı istiqamətində görülən işlərdən danışıb. İnstitutda yaradılmış infrastrukturun, təhsil şəraitinin bunun bariz nümunəsi olduğunu vurğulayıb. Azad Novruzov bildirib ki, bu gün gənc nəslin üzərinə daha ciddi məsuliyyət düşür. Onlar yaradılmış şəraitdən daha səmərəli istifadə etməli, öz inkişaflarının qayğısına qalmalıdırlar.
Rektor qeyd edib ki, son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin uğurlu davamının göstəricisidir.
İnstitutda qazanılan uğurlardan, qarşıda duran vəzifələrdən danışan Azad Novruzov əlamətdar gün münasibəti ilə tələbələri təbrik edib, təhsillərində onlara uğurlar arzulayıb.
Tədbirdə “Tarix müəllimliyi” ixtisasına yüksək balla qəbul olan Qazıyeva Natella, İbtidai sinif müəllimliyi ixtisasına qəbul olan Quliyeva Ləman və digər tələbələr sevincini tədbir iştirakçıları ilə bölüşüb və tələbə yoldaşlarına uğurlar arzulayıblar. Valideynlər çıxış edərək övladlarının Naxçıvan Müəllimlər İnstitutunda təhsil alacağı üçün məmnunluqlarını ifadə edib, tələbələrə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Sonda Naxçıvan Müəllimlər İnstitutunun tələbə həyatını əks etdirən videoçarxlar nümayiş olunub, Tələbə Gənclər Təşkilatının fəal üzvləri arzu edən valideynlər və birinci kurs tələbələrini institutun maddi-texniki bazası, nizam-intizam qaydaları ilə tanış ediblər.
Aygül Məmmədova
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti