Naxçıvanda “KönüllüSən!” layihəsinin icrasına başlanılıb.

    10 sentyabr tarixində Azərbaycan Respublikası Gənclər Fondunun “İdeyanı reallaşdır – 2023” gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsinin qalibi Röya Məmmədovanın “KönüllüSən!” adlı layihəsinin Naxçıvan Müəllimlər İnstitutunda açılış mərasimi keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə ilk oncə layihə rəhbəri Röya Məmmədova layihə haqqında ətraflı məlumat verib və öz təəssüratlarını iştirakçılarla bölüşüb.
Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Gənclər Fondunun Naxçıvan filialının direktoru Arzu Qasımov fondun qrant müsabiqələrinin gənclərin inkişafında, onların fəallıqlarının artırılmasında xüsusi əhəmiyyətə malik olduğunu bildirib. Qeyd edib ki, belə müsabiqələrin keçirilməsi Azərbaycan gəncliyinin inkişafında xüsusi önəm kəsb edir. Vurğulanıb ki, açılış mərasiminə toplaşdığımız “KönüllüSən!” layihəsinin nəticələri gənc könüllülər üçün olduqca faydalı olacaqdır.
Arzu Qasımov layihə rəhbərini qazandığı uğura görə təbrik edib və layihənin işinə uğurlar arzulayıb.
Sonra Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov çıxış edərək bildirib ki, Hər bir ölkənin gələcəyini, perspektiv inkişafını, sürətlə dəyişən dünyada özünün layiqli yerini tutmasını şərtləndirən amillər sırasında gənclərin rolunu xüsusi qeyd etmək lazımdır. Deyilənlər baxımından müstəqil Azərbaycanda gənclərin hərtərəfli qayğı ilə əhatə olunmaları, gənclər siyasətinin dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi təqdirəlayiq haldır. Gənclərin yüksək səviyyəli təhsil almaları, xalqımızın zəngin ənənələri, milli-mənəvi dəyərləri ruhunda yetişmələri, ölkənin ictimai-siyasi, mədəni həyatına, dövlət idarəçiliyinə cəlb olunmaları, fəal və sağlam həyat tərzi sürmələri respublikamızda ardıcıllıqla həyata keçirilən məqsədyönlü dövlət gənclər siyasətinin əsas istiqamətlərini təşkil edir.
Sonra Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sədri Xanlar Mustafayev bildirib ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində mühüm işlər görülür, eyni zamanda ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, yaşıllıqların bərpa edilməsi və artırılmasına dair milli proqramlar uğurla yerinə yetirilir. Daha sonra layihənin digər tərəfdaşı olan Naxçıvan Muxtar Respublikası Gənclər və idman nazirliyinin əməkdaşı Valeh Mahmudov çıxış edərək bu istiqamətdə gənclərin də öz töhfələrini layiqi ilə verdiklərini, bir cox EKO tədbirlərdə, aksiyalarda fəal iştirak etdiklərini vurğulayıb.
Sonda tələbələrin əl işlərindən ibarət “Yaşıl dünya naminə həmrəy olaq” adlı sərgiyə baxış keçirilib, toxunulan mövzular haqqında müzakirə aparılıb.
Qeyd edək ki layihə, təmizlik aksiyası, mini kamp və müsabiqə ilə davam edəcək. Sonda bağlanış tədbiri və mükafatlandırma olacaq.