Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasından irəli gələn vəzifələr Naxçıvan Müəllimlər İnstitutu Elmi Şurasının genişləndirilmiş iclasında müzakirə olunub

Beşinci Çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisin səkkizinci sessiyasının yekunları və Naxçıvan Müəllimlər İnstitutu qarşısında duran vəzifələr 20 iyul 2018-ci il tarixdə institutun Elmi Şurasının genişləndirilmiş iclasında ətraflı müzakirə olunub.

Tədbiri giriş sözü ilə açan Tədris və tərbiyə işləri üzrə prorektor, pedaqogika üzrə elmlər doktoru, dosent Kamal Camalov  bildirib ki, 2018-ci ilin I yarımili Naxçıvan Müəllimlər İnstitutu üçün çox əlamətdar olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 16 may tarixində Naxçıvana səfəri çərçivəsində Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının açılışında iştirak etmişdir. Mərasimdə dövlətimizin başçısına bu ali təhsil müəssisəsində yaradılan yüksək şərait barədə ətraflı məlumat verilmişdir.

Məlum olduğu kimi, ali təhsil ocağının altı mərtəbədən ibarət olan bu tədris kompleksində 23 adi auditoriya, habelə 20 ixtisaslaşdırılmış auditoriya, o cümlədən 4 kompüter otağı, 16 elektron lövhəli auditoriya yaradılmış, kitabxana və ənənəvi oxu, eləcə də elektron oxu zalları, rəngkarlıq və heykəltaraşlıq emalatxanaları, kitabxana, eləcə də bir sıra fənn kabinələri üçün tədris fondları müəllim və şagirdlərin ixtiyarına verilmişdir. Təsviri incəsənət, coğrafiya, musiqi, mülki müdafiə, tibb, Azərbaycan dili, ali riyaziyyat və informatika, həyat bilgisi, anatomiya və digər fənn kabinələri tələbələrin biliklərinin artı­­rılması üçün bütün zəruri inventarla təchiz edilmişdir. Bu ən müasir tədris komp­leksində fənn kabinələrinin sayı 15-dir. Burada Azərbaycan ali təhsilində ilk dəfə olaraq professor-müəllim heyəti üçün 3 fərdi məsləhət otağı və psixoloji xidmət laboratoriyası yaradılmışdır. Müəllim və tələbələr üçün ayrıca bufetlər də vardır. Tələbələrin ixtiyarına verilən idman zalında müasir qurğular quraşdırılmışdır. Binada 132 və 20 yerlik iclas zalları da var. Bu zallarda təhsil müəssisəsinin həyatında baş verən əlamətdar hadisələrlə bağlı müxtəlif tədbirlər keçirmək mümkündür. Yeni tədris korpusunda tələbə və müəllimlərin istifadəsinə ümumilikdə 146 dəst fərdi kompyuter, 16 dəst noutbuk və proyek­torlar verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Müəllimlər İnsti­tu­tunun yeni binasının açılışı mərasimində ictimaiyyətin nümayəndələrini bu müna­sibətlə təbrik edərək demişdir:

Gözəl binadır, çox gözəl şərait yaradılıb. Memarlıq baxımından da Naxçıvan şəhərini daha da gözəlləşdirir. Bu binanın tikilməsi onu göstərir ki, Naxçıvan uğurla, sürətlə inkişaf edir… Naxçıvanın uğurlu inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır”.

Dövlətimizin başçısının Azərbaycanın ali təhsil müəssisələrinin dünyanın inkişaf etmiş ali təhsil məkanına inteqrasiyasının təmin olunması ilə bağlı tədbirləri bu sahədə yeni keyfiyyət dəyişikliyinin əldə olunmasına şərait yaratmışdır. Bu isə bir daha sübut edir ki, cənab İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə təhsil sahəsinin inkişafı istiqamətində atılan addımların nəticəsində muxtar respublikada da böyük işlər görülmüşdür.

Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı sayəsində 200-dən çox təhsil müəssisəsi binası tikilib istifadəyə verilmiş və ya əsaslı şəkildə yenidən qurulmuş, tikilən və ya əsaslı şəkildə yenidən qurulan təhsil müəssisələrinin maddi-texniki bazaları gücləndirilmiş, onlar ən müasir informasiya və kommunikasiya avadanlıqları ilə təchiz olunmuşdur. Naxçıvan Müəllimlər İnstitutu üçün yeni binanın tikilməsi, daha doğrusu Naxçıvan Müəllimlər İnstitutunun bütövlükdə yenidən qurulması da Azərbaycan təhsilinə dövlətimizin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Muxtar respublikamızda, o cümlədən Naxçıvan Müəllimlər İnstitutunda təhsilin inkişafı üçün yaradılan bu yüksək şəraitdən düzgün yararlanmaq, imkanlardan səmərəli istifadə etmək bütün pedaqoji kollektivlər kimi biz professor-müəllim heyətinin vəzifə borcudur.

Genişləndirilmiş iclasda Naxçıvan Müəllimlər İnstitutunun İxtisasartırma və yenidən hazırlanma üzrə prorektoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Azad Novruzov , Elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Qurbanlı, Təbiət və İncəsənət fakültəsinin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Rövşən Vəliyev və başqaları çıxış etmişlər. Məruzə və çıxışlarda 2018-ci ilin I yarımilində Naxçıvan Müəllimlər İnstitutunun fəaliyyətinin əsas yekunları, Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrindəki pedaqoji kadrların peşəkar inkişafı sahəsində institutun vəzifələri, bu ali təhsil müəssisəsində professor-müəllim kollektivinin ixtisaslı kadr hazırlığı sahəsində gördüyü işlər, qarşıda duran vəzifələr və digər məsələlərdən ətraflı danışılmışdır. Bildirilmişdir ki, Naxçıvan Müəllimlər İnstitutunda hesabat dövründə bakalavriat  və  magistratura  səviyyəsində 1149 tələbə təhsil almışdır ki, onların da təhsili ilə 91 nəfər professor-müəllim heyəti məşğul olmuşdur. Bu heyətin 1 nəfəri AMEA-nın müxbir üzvü,  9  nəfəri elmlər doktoru, 38 nəfəri fəlsəfə doktoru olmuşdur. 2017-2018-ci tədris ilində  bakalavr  səviyyəsində  qəbul planı 305 nəfər, qəbul  olunanların sayı 261  nəfər, magistratura  səviyyəsində  isə  qəbul  planı 35  nəfər, qəbul  olunanların sayı 20  nəfər  olmuşdur. Hazırda Naxçıvan Müəllimlər İnstitunda 6 ixtisas üzrə bakalavr, 4 ixtisas üzrə isə  magistr  hazırlanır.

  Yay sessiyasının nəticələrinə dair qeyd olundu ki, bakalavriat səviyyəsində əyani formada təhsi alan 988 tələbədən yaz semestrinin imtahan sessiyasında 960-ı  iştirak etmiş, 28 tələbə iştirak etməmişdir. 917 nəfər imtahanları müvəffəqiyyətlə vermişdir. Onlardan 171 nəfəri (17,3%) “əla”, 285 nəfəri (28,8%) “yaxşı”, “çox yaxşı” və “əla”, 461 nəfəri (46,7%) qarışıq (3,4,5) qiymətlər almışdır. Müvəffəqiyyət göstəricisi 92,8 %, keyfiyyət 46,2%  olmuşdur. Bakalavriat səviyyəsində əyani formada təhsilini başa vuran 163 tələbə  Yekun Dövlət Attestasiyasından müvəffəqiyyətlə keçmişdir.

Bakalavriat səviyyəsində qiyabi formada təhsil alan 114 tələbədən isə 42-si Yekun Dövlət Attestasiyasından müvəffəqiyyətlə keçmişdir. Təhsilini davam etdirən 72 tələbə­dən 60-ı yaz semestrinin imtahan sessiyasında iştirak etmiş, 12-si isə iştirak etməmişdir. İmtahanlarda iştirak edənlərdən 3 nəfəri  “əla”, 7 nəfəri “yaxşı”, “çox yaxşı” və “əla”, 50 nəfər qarışıq (3,4,5) qiymətlər almışdır. Müvəffəqiyyət göstəricisi 83,3 %, keyfiyyət 16,6  olmuşdur.

Magistratura  səviyyəsi  üzrə  yaz  imtahan sessiyasında 44 nəfər magistrantdan 29 nəfəri iştirak etmiş, 15 nəfəri iştirak etməmişdir. İmtahanları müvəffəqqiyyətlə verənlər  29 nəfər olmuşdur. Onlardan 25 nəfəri “əla” qiymətlər almışdır. Müvəffəqiyyət göstə­ri­cisi  100%,  keyfiyyət  100% olmuşdur.

Naxçıvan Müəllimlər İnstitutunun elmi-pedaqoji kadr potensialı 2018-ci ilin I yarımilində də Naxçıvan Müəllimlər İnstitutunun Nizamnaməsində müəyyən edilən istiqamətlər üzrə fəaliyyətini davam etdirmişdir.

Cari ilin aprel ayının 24-də “Təhsil kurikulumları: praktik tətbiqlər” və may ayının 8-də  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Müasir təlim metodları və yeni pedaqoji texnologiyaların təlim-tərbiyə prosesində tətbiqi” mövzularında respublika konfransları keçirilmişdir. Bütövlükdə I yarımildə institutda 2 respublika və 8 institut səviyyəli elmi-praktik konfranslar keçiril­mişdir.

2018-ci ilin I yarımilində əməkdaşlarımızın dünyanın «А» kateqoriyalı jurnal­la­rın­da 5, digər xarici jurnallarda 7, Respublika jurnallarında 114 məqaləsi, Beynəl­xalq konf­rans­­larda 7, Respublika konfranslarında 74 tezisi, 6 kitab və monoq­ra­fi­yası, 4 dərs vəsaiti, 2 metodik vəsaiti, 42 fənn proqramı nəşr olunmuşdur.

Naxçıvan Müəllimlər İnstitunda xarici ölkələrlə elmi əməkdaşlıq diqqət mərkəzində saxlanılmışdır. Bu məqsədlə ABŞ Riyaziyyatçılar Birliyi, Ukrayna Milli Elmlər Akade­miyasının Riyaziyyat İnstitutu, Rumıniyanın Konstansa Universiteti, Türkiyə Res­pub­lika­sının Kocaeli Universiteti, Kars Qafqaz Universiteti, Kırşehir Ahi Evren Univer­siteti, Ankara Universiteti, İstanbul “Nişantaşı” Universiteti, “Esenyurt” Univer­siteti, Kuzey Kıprız Türk Cumhuriyyətinin Beynəlxalq Kipr Universiteti, İngiltərənin London Riyaziy­yat­çılar Birliyi, Qazaxıstan Respublikasının Almaatı Milli Universiteti, Moskva Psixo­lo­giya və Pedaqogika Elm Mərkəzi ilə əməkdaşlarımız sıx əlaqə saxlamış, beynəl­xalq kon­frans­larda iştirak etmiş, onların elmi jurnallarında məqalələr çap etdirmişlər.

Naxçıvan Müəllimlər İnstitutunda tərbiyə işlərinin sistemli şəkildə aparılması üçün illik və tematik tədbirlər planı hazırlanmışdır. Tədbirlər planında ideya-siyasi, elmi-əməli və kütləvi-bədii tədbirlər əks olunmuşdur. Müəllim-tələbə kollektivlərinin birgə fəaliy­yə­tinə əlverişli şərait yaradılmışdır. Naxçıvan Müəllimlər İnstitutunun daxili nizam-intizam qaydalarından irəli gələn vəzifələrin yerinə yetirilməsi, dövlət tədbirlərinin vaxtlı-vaxtında və mütəşəkkil şəkildə həyata keçirilməsi üçün professor-müəllim və tələbə kollektivinin fəal iştirakı təmin olunmuş, ayrı-ayrı qrupların tyutorları ilə birlikdə tələbələr arasında müxtəlif tərbiyəvi möv­zularda söhbətlər aparılmışdır.

Tələbə gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün müxtəlif tədbirlər təşkil edilmiş, bədii özfəaliyyət kollektivi və “Şən və hazırcavablar” klubunun işi geniş­ləndirilmiş, diskussiyalar, xüsusi istedada malik olan tələbələrlə görüşlər keçirilmişdir.

Hesabat dövründə institutda 30-dan artıq tədbir keçirilmişdir ki, onlar aktuallığı və əhəmiyyəti ilə yaddaqalan olmuşdur.

Mərkəzin əməkdaşları məktəb, rayon (şəhər) səviyyəsində təlimatı, tematik prob­lem­li seminarlar, aktual mövzular üzrə elmi-praktik konfranslar keçirmişlər. Təlim-tərbiyənin tətbiqi sahəsində müəllimlərin ən yaxşı məsləhətçisi olmaqla müsabiqə, sərgi, olimpiada, baxış, yarış, konfrans, görüşlər, açıq dərslərin keçirilməsində bilavasitə iştirak et­­­mişlər. Qabaqcıl müəllim, metodist və pedaqoq alimlərin hazırladıqları didaktik ma­te­rial­lar, metodik işləmə və tövsiyələr, digər tədris vasitələrinin müzakirəsini, rəylən­dirilməsini, çapa hazırlanmasını təşkil etmiş, qabaqcıl iş təcrübələrini öyrənmiş, ümumiləşdirmiş və yaymışlar. Hesabat dövründə Naxçıvan şəhər 14 saylı tam orta məktəbin tarix müəllimi İmmi Əli qızı Hüseynovanın qabaqcıl iş təcrübəsi öyrənilmiş və yayılmışdır. Hesabat dövründə vaxtaşırı muxtar respublikanın bir sıra məktəblərində fənn kurikulumlarının yaradılması məqsədilə müəllimlərə əməli-metodik nümunələr göstərmişlər.

Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2015-ci il 27 iyul tarixdə “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncama əsasən Nax­çıvan Müəllimlər İnstitutu bakalavr səviyyəsində 5 ixtisas Naxçıvan Muxtar Res­publikanın Təhsil Nazirliyinin hamiliyinə verilmişdir. Sərəncamın tələblərinə uyğun olaraq hesabat dövründə tələbələrin nazirliyin məsul əməşdaşları ilə bir neçə görüşü keçirilmiş, cari ilin buraxılış kurs tələbələrinin gələcək fəaliyyəti ilə bağlı sualları onlar tərəfindən cavablandırılmışdır. Bundan başqa, tələbələr Naxçıvan şəhərindəki bir neçə ümumtəhsil orta məktəbdə ixtisasları üzrə qabaqcıl müəllimlərin açıq dərslərində iştirak etmiş, onların nümunəvi iş təcrübəsi ilə yerində tanış olmuşlar.

Naxçıvan Müəllimlər İnstitutunda çalışan elmi dərəcəli əməkdaşların vaxtilə bitirdikləri orta məktəblərlə ünsiyyəti işinə lazımi diqqət yetirilmiş, onların ayda bir dəfə həmin məktəblərdə nümunəvi dərslər aparması davam etdirilmiş, bu işin keyfiyyətinə və səmərəliliyinə xüsusi əhəmiyyət verilmişdir.

Hesabat dövründə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümum­təhsil məktəblərin yuxarı, xüsusən də buraxılış sinif şagirdlərinin Naxçıvan Müəllimlər İnstitutu ilə tanışlığı işi də diqqət mərkəzində saxlanılmışdır. Belə ki, rayonlar üzrə yüksək nəticə göstərən buraxılış sinif şagirdlərinin Naxçıvan Müəllimlər İnstitutunda planlı görüşləri təşkil edilmiş, onlar institutun fəaliyyət istiqamətləri və maddi-texniki bazası ilə tanış edilmiş, onlarla peşəyönümü istiqamətli söhbətlər aparılmışdır.

Bütün bunlarla yanaşı, qeyd etməliyik ki, Naxçıvan Muxtar Respublikanın Təhsil Nazirliyi və onun aid struktur bölmələri, xüsusilə də orta ümumtəhsil məktəbkləri ilə qarşılıqlı əlaqələrin genişləndirilməsinə və dərinləşdirilməsinə xüsusi diqqət yetirmək və bu sahədə fəaliyyətimizi sistemli və məqsədyönümlü etmək vacib məsələlər kimi qarşımızda durur.

Qeyd edildiyi kimi, Naxçıvan Müəllimlər İnstitutu hesabat dövründə yeni tədris kompleksinə köçmüşdür.  Hazırda institutun hərtərəfli fəaliyyətini təmin edən 11 100 kv.m-lik tədris kompleksi mövcuddur ki, bunun da 10 317 kv.m  tədris prosesinin təşkilinə, 231 kv.m  idman zalına, 175 kv.m  konfrans zalına, 187 kv.m  kitabxanaya, 19 kv.m  tibb xidmətinə, 121 kv.m  iaşə xidmətinə aiddir. Nəzəri məşğələ auditoriyalarına düşən sahə 2514 kv.m., laborator və xüsusi təyinatlı auditoriyalara düşən sahə 592 kv.m. təşkil edir. Tədris korpusunda bütün avadanlıq və ləvazimatlar yenilənmişdir. Bu möhtəşəm maddi-texniki bazanın qorunub saxlanılması, ondan səmərəli istifadə işinin düzgün qurul­ması, təsərrüfat həyatının bütün sahələrinin ahəngdar işləməsinin təmin edilməsi bu yeni strukturun əsas vəzifəsidir.

Yekunda göstərilən diqqət və qayğıya görə bir daha dövlətimizə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova dərin minnətdarlıq bildirildi və belə bir əminlik ifadə edildi ki, Naxçıvan Müəllimlər İnstitutunun kollektivi bundan sonra da daha səmərəli işləməyə, üzərinə düşən öhdəlikləri  layiqincə  yerinə yetirməyə, institut üçün yeni tikilmiş tədris korpusunda bütün işlərin yenidən qurulması istiqamətində var qüvvəsini sərf etməyə, nizam-intizamı gücləndirilməyə, təşəbbüskarlıq və tələbkarlıgı artırmağa, qanunvericiliyin tələblərinə ciddi əməl etməyə çalışacaqdır.

Naxçıvan Müəllimlər İnstitutunun Mətbuat xidməti