08 iyul 2025-ci il tarixində Naxçıvan Müəllimlər İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclasda institutun rəhbər heyəti, fakültə dekanları, struktur bölmə rəhbərləri və digər üzvlər iştirak ediblər.
Elmi Şuranın gündəliyində cari tədris ili və gələcək fəaliyyət istiqamətləri ilə bağlı bir sıra məsələlər müzakirə olunub.
İclasda ilk olaraq Tədris şöbəsinin müdiri, dosent Əhruz Mahmudova 2024–2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının yekunları barədə məlumat verib, imtahan prosesinin təşkili, tələbələrin nailiyyət göstəriciləri və mövcud imkanlar geniş təhlil olunub.
Daha sonra Ümumi işlər üzrə prorektor Xəyal Camalov institutda tərbiyə sahəsində həyata keçirilən tədbirlər barədə illik hesabatı təqdim edib. Fakültə dekanları – Pedaqoji fakültənin dekanı, dosent Samirə Həsənova və Təbiət və incəsənət fakültəsinin dekanı, dosent Rövşən Vəliyev rəhbərlik etdikləri fakültələr üzrə tədris, elmi-tədqiqat və tərbiyə işlərinin nəticələrini iclas iştirakçılarının diqqətinə çatdırıblar.
Strateji inkişaf və Keyfiyyəti Təminat bölməsinin müdiri Aytəkin Əliyeva keyfiyyət təminatı sahəsində görülmüş işlərə dair illik hesabatı təqdim edib, həyata keçirilən monitorinqlər və keyfiyyətin artırılması istiqamətində təkliflər səsləndirib.
Daha sonra Elmi Şura üzvləri növbəti tədris ilinin birinci semestri üçün institut üzrə adlı təqaüdlərə namizədlərin təsdiqinə dair məsələni müzakirə edərək müvafiq qərar qəbul ediblər. Bu barədə elmi katib, dosent Azad Novruzov məlumat verib.
İclasda həmçinin Magistratura və doktorantura şöbəsinin müdiri, dosent Qızıltac Şahbazova magistrantların yekun attestasiyası ilə bağlı məlumat təqdim edib.
Sonra Elmi Şuranın gündəliyinə daxil edilmiş cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb, müvafiq qərarlar qəbul olunub.
Sonda institutda uzunmüddətli səmərəli fəaliyyətinə görə Sahib Əli oğlu Əliyev və yaz imtahan sessiyasının obyektiv və şəffaf keçirilməsində xüsusi əməyi olan əməkdaşlar institut rəhbərliyi tərəfindən təşəkkürnamələrlə təltif edilib.

