Naxçıvan Müəllimlər İnstitutunda 2023-2024-cü tədris ilində ali təhsilin bakalavriat səviyyəsində təhsil alan tələbələrin pedaqoji təcrübəsinin yekunlarına həsr edilmiş konfrans keçirilib.
Konfransı giriş sözü ilə institutun rektoru Azad Novruzov açaraq Naxçıvan Müəllimlər İnstitutunda ixtisaslı pedaqoji kadr hazırlığında pedaqoji təcrübənin əhəmiyyətindən danışıb. O, qeyd edib ki, pedaqoji təcrübə tələbələrə pedaqoji fəaliyyətin bütün aspektlərini öyrənmək və müxtəlif tədris üsulları və metodları ilə tanış olmaq imkanı yaratmış, tələbələrdə tədris, materialın səriştəli təqdimatı, şagirdlərlə ünsiyyətin təşkili, komandada iş və s. bacarıqları inkişaf etdirmişdir. Rektor çıxışının sonunda gələcəyin bir müəllimi kimi tələbələrin üzərinə düşən vəzifələrini və məsuliyyətlərini xatırladıb, yüksək ixtisaslı mütəxəssis, faydalı və ləyaqətli vətəndaş olacaqlarına inandığını deyib, onları pedaqoji təcrübəni yüksək səviyyədə başa vurduqlarına görə təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Konfransda Tədris işləri üzrə prorektor Elşən Məmmədovun “Pedaqoji təcrübənin yekunları haqqında”, təcrübə rəhbəri Təranə Əliyevanın “Pedaqoji təcrübə hesabatlarının hazırlanması və təhvili haqqında” və fakültə dekanlarının çıxışları dinlənilib. Qeyd olunub ki, Pedaqoji fakültə üzrə 223 tələbə, Təbiət və incəsənət fakültəsi üzrə 116 tələbə olmaqla ümumilikdə 339 tələbə 20 həftəlik təcrübə keçib, rektorun müvafiq əmrinə əsasən yaradılmış komissiya tərəfindən sonda ixtisaslar üzrə hər bir tələbənin təqdimat əsasında hesabatı dinlənilib, onların göstərdikləri fəaliyyət, təşkil etdikləri tədbirlər, keçirilən açıq və nümunəvi dərsləri bəyənilərək yüksək qiymətləndirilib.
Sonra institutun professor-müəllim heyətinin, metodist, pedaqoq və psixoloq rəhbərlərinin, o cümlədən təcrübəçi tələbələrin fikirləri dinlənilib, bir sıra təkliflər səslənib.
Aygül Məmmədova
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti

