Mərhum şair Hüseyn Fərəcoğlunun yeni nəşrdən çıxmış kitablarının təqdimatı olmuşdur.

Naxçıvan Muxtar Ruspublikasının 100 illik yubileyi çərçivəsində keçirilən tədbirlər planına uyğun olaraq Naxçıvan Müəllimlər İnstitutunda Təbiət və incəsənət fakültəsinin təşkilatçılığı ilə Naxçıvan ədəbi mühitinin istedadlı nümayəndələrindən olan mərhum şair Hüseyn Fərəcoğlunun yeni nəşrdən çıxmış kitablarının təqdimatı olmuşdur.
Tədbiri giriş sözü ilə institutunun rektoru Azad Novruzov açmışdır. Rektor çıxışında doğma Naxçıvanın köklü nəsillərindən birində anadan olan Hüseyn Fərəcoğlunun əməksevər, zəhmətkeş bir insan olması, öz işi ilə fəxr edən şair olmasını qeyd etmişdir. Bu zəhmətkeş insan 30 ildən artıq yaradıcılıqla məşğul olub. Onun oxunaqlı lirik və satirik şeirləri, təmsilləri və poemaları var. Amma onun zəngin bədii yaradıcılığı demək olar ki, çox az nəşr olunub. Belə ki, istedadlı şair Hüseyn Fərəcoğlunun yaradıcılığının öyrənilməsi, nəşri və təbliği sahəsində qiymətləndirilə bilən bu addım həm də özünəməxsus bir epoxanı, onun mahiyyəti və mənzərəsini, Naxçıvan ədəbi mühitini öyrənmək baxımından da əhəmiyyətli və dəyərlidir.
Tədbirin gedişi zamanı Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair Asim Yadigar, Naxçıvan Müəllimlər İnstitutunun “Azərbaycan dili və ədəbiyyat” kafedrasının professoru, filologiya elmlər doktoru Sədaqət Həsənova və mərhum şairin ailəsi adından çıxış edən Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının professoru, tarix üzrə elmlər doktoru Sevinc Abbasova da məhrum şair haqqında öz xatirələrini söyləmişdir.
Tədbirin gedişi zamanı institutun tələbələrinin qiraətində şairin bir neçə şeiri səsləndirilmişdir.
Tədbirin sonunda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.