Naxçıvan Müəllimlər İnstitutunda yaz semestrinin imtahan sessiyası uğurla davam etdirilir
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti bildirir ki, Naxçıvan Müəllimlər İnstitutunda 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası muxtar respublikadan olan tələbələr üçün yazılı, digər şəhər və rayonlardan olan tələbələr üçün onlayn formada şifahi yolla aparılır. İmtahanlar zamanı tələbələrlə görüşən rektor Azad Novruzov qeyd etmişdir ki, İstənilən vəziyyətdə tələbənin biliyi yoxlanılmaqla qiymətləndirilmə aparılmalıdır. Bu proses test, şifahi və ya yazılı formada ola bilər.
Rektor həmçinin bildirmişdir ki, Naxçıvan Müəllimlər İnstitutunun maddi-texniki bazası 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının yazılı aparılmasına imkan verir. İnstitutda gündəlik 200-300 tələbənin müxtəlif saatlarda imtahanları təşkil edilir. Muxtar respublikadan kənarda olan tələbələrin bilikləri onlayn formada şifahi şəkildə qiymətləndirilir. Əgər kəsri olan tələbə olarsa, onlara iyul-avqust aylarında müəllimlər tərəfindən onlayn qaydada məsləhətlər veriləcək və onların ödənişsiz yolla imtahanları təşkil olunacaqdır. İnstitutda imtahan sessiyasının obyektiv və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılmış, qabaqlayıcı tədbirlər görülmüşdür.
Naxçıvan Müəllimlər İnstitutunun
mətbuat və ictimaiyyətlə əlaqələr xidməti