“Təsvir incəsənət müəllimliyi” ixtisasının IV kurs tələbəsi Fuad Əhmədovun “Təbiətin rəngli melodiyası” adlı fərdi rəsm sərgisi təşkil olunub.
07 iyun 2023-cü il tarixdə Naxçıvan Müəllimlər İnstitutunda “Təsvir incəsənət müəllimliyi” ixtisasının IV kurs tələbəsi Fuad Əhmədovun “Təbiətin rəngli melodiyası” adlı fərdi rəsm sərgisi təşkil olunub.
Sərgini giriş sözü ilə açan institutun rektoru Azad Novruzov institutda 2023-cü il-“Heydər Əliyev ili” çərçivəsində keçirilən tədbirlərdən danışıb. O, ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışaraq qeyd edib ki, ulu öndərin Azərbaycana rəhbərliyinin hər iki dönəmində elm və təhsilə xüsusi diqqət yetirilib, gənclərin peşəkar inkişafı həmişə diqqətdə saxlanılıb. Həmin siyasət bu gündə uğurla davam etdirilir. 05 iyun 2023-cü il tarixdə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı hər bir naxçıvanlı kimi bizidə sevindirdi. Həmin proqramda gənclərin peşəkar inkişafı və təhsillə bağlı xüsusi bəndlərdə yer alır. Bu sərəncama görə ölkə başçısına professor-müəllim və tələbə kollektivi adından minnətdarlığımızı bildiririk. Sonra rektor qeyd etdi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan onlarla ali məktəbdən biri olan Naxçıvan Müəllimlər İnstitutunda kadr hazırlığı aparılan ixtisaslardan biri də Təsviri incəsənət müəllimliyi ixtisasıdır. Bu ixtisasda oxuyan tələbələrin peşəkar inkişafı üçün hər cür şərait vardır. Onların mütəmadi sərgilərinin keçirilməsi, yaradıcılıq fəaliyyətlərinin işıqlandırılması istiqamətində daima iş aparılır. Bu gün istedadlı tələbələrimizdən biri Fuad Əhmədovun fərdi sərgisinin keçirilməsi bunun bariz nümunəsidir. Rektor çıxışının sonunda Fuad Əhmədovu fərdi sərgisinin keçirilməsi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
İnstitutun İxtisasartırma və yenidənhazırlanma üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Həbibə Allahverdiyeva, Təbiət və incənət fakültəsinin dekanı Rövşən Vəliyev, Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinov çıxış edərək gənc rəssamların yetişməsi, rəssamlıq sənətinin öyrədilməsi üçün hərtərəfli şərait, tələbələrin yaradıcılıq imkanlarının artırılması, o cümlədən istedadlı tələbələrdən biri olan Fuad Əhmədovun çəkdiyi rəsmlər, onların janrları haqqında məlumat veriblər. Çıxışlarda qeyd olunub ki, Naxçıvan Müəllimlər İnstitutu müəllim kadrlarla yanaşı, eyni zamanda istedadlı rəssamların yetişdirilməsində müəyyən təcrübəyə malikdir. Gənc rəssamın xarakterik xüsusiyyətlərindən danışam natiqlər bildiriblər ki, Fuad Əhmədov ixtisası sahəsində olduqca istedadlı, yüksək idarəçilik qabiliyyətinə malik bir gənc olaraq gələcəkdə daha böyük salonlarda sərgilər təşkil edəcək, rəssamlıq sahəsində gənc həvəskarlara töhfələr verəcəkdir.
Sonra fərdi sərginin müəllifi Fuad Əhmədov çıxış edərək onlar üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirib, sərgisinin təşkili üçün institut rəhbərliyinə, tədbirdə iştirak edən qonaqlara təşəkkür edib və gələcəkdə ona göstərilən etimadı doğruldacağına söz verib.
Sonda Fuad Əhmədovun sərgisinə baxış keçirilib. Sərgidə gənc rəssamın yaradıcılığında Naxçıvanın tarixi, tarixi-mədəniyyət abidələri, müasir şəhər mənzərələri, təbiət mənzərələri və digər xarici ölkələrdə olan tanınmış şəhər mənzərələri yüksək peşəkarlıqla əks olunur. əsərləri arasında Qarabağa həsr olunmuş “Cıdır düzü” kompozisiyaları daha çox diqqəti çəkib, iştirakçıların marağına səbəb olub.
Sərgi ilə tanış olanlar rəsm əsərlərini qiymətləndirib, öz fikirlərini deyiblər.
Aygül Məmmədova
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidmət