Naxçıvan Müəllimlər İnstitutunda Ümumi fənlər kafedrasının təşkilatçılığı ilə ümuminstitut elmi konfranslar çərçivəsində “5 İyun – Ümumdünya Ətraf Mühit Günü”nə həsr olunmuş “Məktəblilərdə ekoloji düşüncənin formalaşdırılması və inkişafı” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransın açılışında giriş sözü ilə çıxış edən institutun rektoru vəzifələrini icra edən dosent Elşən Məmmədov ətraf mühitin qorunmasının müasir dövrün ən aktual məsələlərindən biri olduğunu vurğulayaraq, ekoloji təhsilin və ekoloji düşüncənin formalaşdırılmasının gələcək nəsillərin yetişdirilməsində mühüm rol oynadığını bildirib.
Plenar iclasda pedaqogika üzrə fəlsəfə doktoru, dosent Azad Novruzov “Ekoloji təhsilin davamlı inkişaf məqsədlərində rolu”, Ümumi fənlər kafedrasının müəllimi Gülnarə Səfərova isə “Biologiya dərslərində ekoloji düşüncənin formalaşdırılması” mövzusunda məruzə ilə çıxış ediblər.
Konfrans öz işini bölmə iclasları ilə davam etdirib. Bölmələrdə ekoloji mühitin qorunması, davamlı inkişaf problemləri, ekoloji təhsilin rolu, məktəblilərdə ekoloji dünyagörüşünün formalaşdırılması, texnologiya və coğrafiya fənlərinin ekoloji tərbiyədə əhəmiyyəti kimi mövzular ətrafında məruzələr dinlənilib və müzakirələr aparılıb.
Tədbirdə vurğulanıb ki, məktəblilərdə ekoloji düşüncənin formalaşdırılması ətraf mühitə məsuliyyətli münasibətin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır və bu istiqamətdə təhsil müəssisələrinin üzərinə mühüm vəzifələr düşür.
Sonda məruzələr ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


