Naxçıvan Müəllimlər İnstitutunun məzun tədbiri keçirilib

u gün Naxçıvan Müəllimlər İnstitutunda təhsilini başa vuran tələbələri üçün məzun tədbiri keçirilib. Tədbirdə İnstitutun professor-müəllim heyəti, məzunları, onların valideynləri və digər qonaqlar iştirak edib.
Tədbiri giriş sözü ilə açan İnstitutun rektoru Azad Novruzov Naxçıvan Müəllimlər İnstitutunun fəaliyyətini günün tələbləri səviyyəsində qurması ölkəmizdə təhsil sahəsində aparılan məqsədyönlü siyasətin nəticəsidir. Rektor diqqətə çatdırıb ki, ilk dəfə 2004-cü ildə 1 ixtisas üzrə 27 nəfər tələbəsini məzun edən Naxçıvan Müəllimlər İnstitutunun bu il 8 ixtisas üzrə 291 bakalavr, 5 ixtisas üzrə 40-a yaxın magistr tələbəsi məzun olur. Rektor eyni zamanda vurğulayıb ki, hazırda institutda 15 ixtisas üzrə bakalavr, 5 ixtisas üzrə magistr, 5 ixtisas üzrə doktorantura səviyyəsi üzrə kadr hazırlığı aparılır və 2 istiqamət üzrə Dissertasiya Şurası fəaliyyət göstərir.
İnstitutun gələcək perspektivlərindən danışan rektor Azad Novruzov bildirib ki, müəllim kadrlar hazırlayan təhsil müəssisəsi kimi bizim bu günkü məqsədimiz müasir kompetensiyalara cavab verə bilən, özünü hər sahədə mükəmməl səviyyədə doğrultmağı bacaran, əsl vətənpərvər şəxsiyyətlər formalaşdırmaqdır. Bu istiqamətdə institutun professor-müəllim heyəti ilə yanaşı təhsil alan və məzun olan hər bir tələbənin üzərinə böyük məsuliyyət düşür. Gənclər heç vaxt bu müvafiq zaman dilimində aldıqları biliklərlə kifayətlənməməli, yaradılmış ömürboyu təhsil imkanlarından geniş istifadə etməli, gələcək həyatlarını daha uğurlu qurmalı, Azərbaycanın yeni quruculuğunda fəal iştirak etməlidirlər.
Ali təhsil illərinin insan həyatının ən gözəl və unudulmaz dövrü olduğunu vurğulayan rektor tələbələri, onların valideynlərini təbrik edib, gələcəkdə onların yaxşı ixtisaslı kadr kimi əmək bazarında uğurlu olacaqlarına əminliyini bildirib.
İnstitutun Tədris və tərbiyə işləri üzrə prorektoru Çapay Quliyev, İxtisasartırma və yenidənhazırlanma üzrə prorektoru Həbibə Allahverdiyeva, elmi katib Qurban Qurbanlı və fakültə dekanları Samirə Həsənova və Rövşən Vəliyev məzunları təbrik edib, onlara gələcək fəaliyyətləri ilə bağlı arzularını çatdırıblar. Çıxışlarda NMİ məzunlarının cəmiyyətimizə faydalı mütəxəssis və xalqımıza layiq vətəndaş olacaqlarına əminlik ifadə olunub.
Sonra ibtidai sinif müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Gülcan Əlizadə bütün məzunlar adından çıxış edərək onların təhsil almaları və hərtərəfli inkişafları üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirib, qeyd edib ki, biz bütün istiqamətlərdə dövlətimizin qayğısını Naxçıvan Müəllimlər İnstitutu nümunəsində hiss etmişik. Gülcan Əlizadə çıxışının sonunda məzunlar adından Vətənə, millətə layiqli övlad olacaqlarına, daim onlara göstərilən etimadı doğruldacaqlarına söz verib.
Tədbirin bədii hissəsində İnstitutun teatr studiyasının üzvləri olan tələbələrin və məzunların iştirakı ilə rəqslər nümayiş edilib, şeir və bir birindən gözəl musiqi nömrələri səsləndirilib, səhnəciklər təqdim edilib.
Məzun və tələbələr öz ifaları ilə tədbir iştirakçılarına xoş dəqiqələr bəxş ediblər.
Sonda IV kurs Təsviri incəsənət müəllimliyi ixtisası tələbələrinin hazırladıqları məzun hesabat sərgisinə baxış olub.
Aygül Məmmədova
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti