“IX Beynəlxalq Təhsil və İnnovativ Elmlər Konqresi”nə Naxçivan Müəllimlər İnstitutu ev sahibliyi etmişdir

“IX Beynəlxalq Təhsil və İnnovativ Elmlər Konqresi”nə
Naxçivan Müəllimlər İnstitutu ev sahibliyi etmişdir
Pedaqoji kadr hazırlığı üzrə ixtisaslaşan 24 yaşlı bu ali məktəbdə digər sahələrlə yanaşı elmi tədqiqat fəaliyyətinə də ciddi fikir verilir. İnstitutda mütəmadi olaraq əsasən təhsil və pedaqoji-psixoloji elmi istiqamətlər üzrə beynəlxalq, respublika, regional və institut səviyyəli elmi tədbirlər təşkil olunur, tanınmış tədqiqatçı-mütəxəssislər tərəfindən elmi problemlərin müzakirələri keçirilir, beynəlxalq elmi əməkdaşlıq məsələləri daim gündəmdə saxlanılır.
Növbəti beynəlxalq elmi tədbirə – Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun təşəbbüsü və bilavasitə təşkilatçılığı, Özbəkistanın Çirçik Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin iştirakı ilə keçirilən IX Beynəlxalq Təhsil və İnnovativ Elmlər Konqresinə Naxçıvan Müəllimlər İnstitutu ev sahibliyi etmişdir. Dünyanın 8 ölkəsi – Türkiyə, Azərbaycan, Özbəkistan, Moldova, Hindistan, Tailand, İndoneziya və Koreyanın elm və təhsil adamlarının onlayn və oflayn şəkildə qoşulduğu bu beynəlxalq elmi tədbirin aşılış mərasimində Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov ev sahibi kimi çıxış etmiş, tədbirin əhəmiyyəti, məqsədi və vəzifələri haqqında məlumat vermiş, beynəlxalq elmi əməkdaşlığın daha da intensivləşdirilməsi və səmərərliliyinin artırılması məsələlərindən danışmışdır. Rektor Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə elm və təhsil sahələrinə göstərdiyi dövlət qayğısından bəhs etmişdir. BMT-nın İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP-29) cari ildə – Yaşıl dünya naminə həmrəylik ilində Bakı şəhərində keçiriləcək bu mötəbər tədbirinə hazırlıqlar və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar elm və təhsil müəssisələri qarşısında duran vəzifələrdən danışmışdır. Tədbirdə İKSAD-ın başkanı prof. dr. Mustafa Latif Emek və Özbəkistanın Çirçik Dövlət Pedaqoji Universitetininin rektoru prof. dr. Qafurjan Muhammedov, İKSAD-ın Azərbaycan üzrə təmsilçisi dr. Əlvan Cəfərov və Naxçıvan Müəllimlər İnstitutunun Elm və innovasiya işləri üzrə prorektoru vəzifələrini icra edən dos. Qurban Qurbanlı və başqaları çıxış etmişlər. Çıxışlarda bildirildi ki, 11 bölmədə dünyada təhsil və innovativ elmlərin müasir problemlərinin və çağırışlarının müzakirə edilməsi müasir elmi-pedaqoji nəzəriyyə və təcrübənin zənginləşməsinə xidmət edir.
Açılış mərasimindən sonra Naxçıvan Müəllimlər İnstitutunda 1-ci bölmə üzrə müzakirələr canlı keçirildi. Naxçıvan Müəllimlər İnstitutunun, Türkiyənin Qars Qafqaz Universiteti və İğdır Unversitetindən gəlmiş mütəxəssislərin məruzələri dinlənildi, geniş və səmərəli müzakirələr keçirildi. Konqres iştirakçısı olan təhsilverən və təhsilalanları maraqlandıran suallar cavablandırıldı. Qeyd edək ki, eyni cür müzakirələr konqresin proqramı üzrə dünyanın digər elm və təhsil müəssisələrində də uğurla keçmişdir.