Naxçıvan Müəllimlər İnstitutunda Pedaqogika və psixologiya kafedrasının təşkilatçılığı ilə Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.

 

Tədbiri giriş sözü ilə institutun rektoru Elbrus İsayev açaraq qeyd etmişdir ki, Ölkə rəhbərinin xalqımızın görkəmli simaları, yaradıcı insanlarının xatirə günlərinin qeyd olunması ilə bağlı imzaladığı sərəncamlar xalqımızın tarixi-mənəvi irsinə bağlılığı və verdiyi dəyərin göstəricisidir. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150-ci il dönümünün qeyd olunması haqqındakı Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2019-cu il tarixdə  imzaladığı Sərəncam da qeyd etdiyimiz bu istiqamətdə olan ardıcıl tədbirlərin bariz nümunəsidir. Biz bu sərəncamların işığında müəllim hazırlığı və gələcəyəimizin qarantı olan gənclərin təlim və tərbiyəsi işini həyata keçirən pedaqoq və müəllimlər olaraq tarixi-mənəvi irsimizin nümayəndələrinin həyat və yaradıcılıqları, onların xalqının inkişafı naminə fədakarlıqlarını nümayiş etdirməklə gənclərin həyat nümunələrinə çevrilməsi üçün öz üzərimizə düşən işi layiqincə yerinə yetirməliyik.

Elbrus İsayev qeyd etmişdir ki, ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızda da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tarixi-mənəvi irsimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətdə qayğı və diqqətini daim hiss edirik. Bu qayğı və diqqətin nəticəsidir ki, muxtar respublikamızda gənclərin təhsilə, elmə olan marağı artmışdır. Bu işin həyata keçirilməsində muxtar respublikanın bütün ictimayəti səfərbər olmuş və bu istiqamətdə öz üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışırlar.

Sonra Pedaqogika və psixologiya kafedrasının müdiri Qızıltac Şahbazova “Cəlil Məmmədquluzadənin maarifçilik ideyaları”, kafedranın dosenti Vahid Rzayev “Cəlil Məmmədquluzadənin pedaqoji görüşlərinin nəzəri əsasları”, institutun II kurs magistrantı Tərlan Muradova “Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı” mövzularında məruzələr etmişlər. Tədbir Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığına həsr olunmuş videoçarxın nümayişi ilə başa çatdı.

                                                NMİ-nin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti