NMİ-də tələbələrin emosional və psixoloji inkişafı mövzusunda elmi-nəzəri seminar keçirilib

Naxçıvan Müəllimlər İnstitutunun Pedaqogika və psixologiya kafedrasının təşkilatçılığı ilə “Tələbələrin emosional və psixoloji inkişafının aktual məsələləri” mövzusunda elmi-nəzəri seminar keçirilib.
Seminarın açılışında institutun rektoru vəzifəsini icra edən Elşən Məmmədov çıxış edərək, tələbələrin psixoloji rifahının təhsil prosesindəki əhəmiyyətini vurğulayıb və bu istiqamətdə keçirilən tədbirlərin önəmini qeyd edib.
Əsas məruzəçi, kafedranın müdiri, psixologiya üzrə fəlsəfə doktoru Sevinc Vəliyeva, tələbələrin emosional və psixoloji inkişafının müasir dövrdə qarşılaşdığı çətinliklər və onların həlli yolları barədə geniş məruzə ilə təqdimat edib. O məruzəsində bildirib ki, müasir dövrdə tələbələrin qarşılaşdığı akademik və sosial təzyiqlər onların emosional və psixoloji inkişafına birbaşa təsir göstərir. Sevinc Vəliyeva vurğulayıb ki, tələbələrin sağlam psixoloji mühitdə inkişafı onların təhsil göstəricilərinə, sosial uyğunlaşmalarına və ümumi həyat keyfiyyətlərinə müsbət təsir edir
O, həmçinin ali təhsil müəssisələrində psixoloji dəstək xidmətlərinin genişləndirilməsinin və tələbələrlə mütəmadi psixoloji maarifləndirmə işlərinin aparılmasının vacibliyini qeyd edib: “Əgər tələbənin emosional sabitliyi təmin olunursa, onun öyrənmə motivasiyası və sosial davranış bacarıqları da paralel şəkildə inkişaf edir”.
Həmçinin məruzəçi tələbə psixologiyası ilə bağlı aparılmış yerli və beynəlxalq tədqiqatlardan, eyni zamanda özünün tələbələrlə apardığı sorğulardan da nümunələr göstərərək bu sahədə daha sistemli yanaşmalara ehtiyac olduğunu diqqətə çatdırıb.
Seminarda iştirak edən müəllim və tələbələr mövzu ətrafında fikir mübadiləsi aparıb, tələbələrin emosional dayanıqlığının artırılması və psixoloji dəstək mexanizmlərinin təkmilləşdirilməsi yolları müzakirə olunub.