Naxçıvan Müəllimlər İnstitutunda xalça və dekorativ əl işlərinin sərgisi keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda xalça və dekorativ əl işlərinin sərgisi keçirilib
Bu gün Naxçıvan Müəllimlər İnstitutunda fəaliyyət göstərən “Xalça” dərnəyinin üzvləri tərəfindən toxunulan xalçaların və Naxçıvan Xalçıçılıq Məktəbi dərslərində tələbələr tərəfindən hazırlanan dekorativ əl işlərinin sərgisi keçirilib.
Sərgini giriş sözü ilə açan İnstitutun rektoru Azad Novruzov bildirib ki, xalqın yaşayış tərzindən, mənəvi və mədəni ehtiyacından, dünyanı və özünü dərketməsindən və başqa milli xüsusiyyətlərindən ərsəyə gəlmiş mədəniyyətimiz ən qədim zamanlardan bu günə qədər daim inkişaf edib, dünya mədəniyyətinə misilsiz töhfələr verib. Azərbaycan mədəniyyətinin ən dəyərli qollarından biri xalqımızın yaratdığı, orada öz məişətini, düşüncələrini, adət-ənənələrini, mənəvi və maddi dünya haqqındakı təsəvvürlərini əks etdirdiyi xalçalardır. Rektor bildirib ki, xalça sənətinin qorunması və təbliği dövlətimizin daim qayğısı ilə əhatə olunmuşdur. Bu istiqamətdə bir sıra sərəncamlar verilmiş və icrası istiqamətində dövlət proqramları qəbul edilmişdir. Qəbul edilmiş dövlət proqramları xalça sənətinin qorunması və təbliği istiqamətində təhsil müəssisələrinin də üzərinə bir sıra vəzifələr qoyur.
Azad Novruzov qeyd edib ki, hər ilməsində ayrı bir sənət gizlənən xalçaçılıq sənətinin yaşadılması, onun xüsusiyyətlərinin gənc¬lərə aşılanması məqsədilə Naxçıvan Müəllimlər İnstitutunda da “Xalçaçılıq” dərnəyi fəaliyyət göstərir. Hal-hazırda burada dərnək üzvləri və müxtəlif ixtisaslar üzrə təhsil alan qabiliyyətli tələbələr tərəfindən müxtəlif motivli xalçalar toxunur, sənət nümunələri ərsəyə gətirilir. Digər tərəfdən “Xalçaçılıq” sənətinin öyrədilməsi eyni zamanda pedaqoji xarakter daşıyır. İnstitutda təhsil alan tələbələr asudə vaxtlarında bu sənətlə məşğul olaraq nəinki bu işə yaxşı yiyələnəcək, həm də gələcəkdə fəaliyət göstərəcəkləri müəssisələrə də öz bacarıqları ilə töhfələr verəcəklər.
Sərgidə İnstitutun İxtisasartırma və yenidənhazırlanma üzrə prorektoru, sənətşümaslıq üzrə fəlsəfə doktoru Həbibə Allahverdiyeva və Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Ülviyyə Məmmədova çıxış edib. Çıxışlarda bildirilib ki, müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xalçalar yaşayış evlərinin və digər yerlərin divar bəzəklərində, döşənməsində istifadə edilir, eyni zamanda yüksək estetik əhəmiyyət kəsb edir. İnanırıq ki, ali məktəblərdə belə sərgilərin keçirilməsi gələcəkdə bu dərnəyə müxtəlif ixtisaslardan marağı, istedadı, bacarığı olan daha çox tələbənin cəlb edilməsinə stimul olacaqdır.
Sonra sərgiyə baxış keçirilib. Sərgidə Xalçaçılıq emalatxanasında tələbələrin dərslərində işlədikləri 50-yə yaxın xalça və xalça motivləri ilə işlənmiş muncuq, pülək dekorativ sənət nümunələri nümayiş olunub. Onların içərisində milli və vətənpərvərlik ruhunda işlənmiş “İlanlı dağ”, “Şuşa qalası”, “Qarabağ atı”, dövlət atributlarına, Naxçıvan memarlıq abidələrinə həsr olunmuş xalçalar iştirakçıların xüsusi marağına səbəb olub.
Sonda “Xalça” dərnəyinin fəaliyyəti və nümayiş olunan sərgi yüksək qiymətləndirilib. İştirakçılar dərnək üzvlərinə fəaliyyətlərində uğurlar arzulayıb.
Aygül Məmmədova
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti