Naxçıvan Müəllimlər İnstitutunda “Musiqi müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələrin hesabat konserti keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda “Musiqi müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələrin hesabat konserti keçirilib
Tədbiri giriş sözü ilə açan institutun rektoru Azad Novruzov çıxışında hesabat konsertlərinin tələbələrin musiqi-ifaçılıq səriştələrinin inkişaf etdirilməsində əhəmiyyətindən, “Musiqi müəllimliyi” ixtisasında tədrisin təşkili vəziyyəti və qarşıda duran vəzifələrdən danışıb. Qeyd edib ki, Naxçıvan Müəllimlər İnstitutunda 2020-2021-ci tədris ilindən “Musiqi müəllimliyi” ixtisasında kadr hazırlığı aparılır. Hazırda bu ixtisasda 13 tələbə təhsil alır. Bundan başqa musiqi fənni “İbtidai sinif müəllimliyi” və “Məktəbəqədər təhsil” ixtisaslarında da tədris olunur. Rektor vurğulayıb ki, “Musiqi müəllimliyi” ixtisasından məzun olan tələbələr gələcəkdə çalışacaqları təhsil müəssisələrində şagirdlərin yaş qrupları və malik olduqları istedadları nəzərə alaraq, onların uyğun musiqi, bilik və bacarıqlarına yiyələnmələrini yüksək səviyyədə təmin etməli, eyni zamanda planlama və təşkilatçılıq, vaxtı səmərəli idarə etmək, səbrli olmaq və peşə etikasına uyğun davranışlar sərgiləmək bacarıqlarına yiyələnməlidirlər.
Rektor çıxışının sonunda hesabat konsertinin hazırlanmasında fəal iştirakına görə tələbələrə və müəllimlərə təşəkkür edib, onlara yaradıcılıqlarında uğurlar arzulayıb.
Sonra tələbələrin hesabat konsertinə baxış keçirilib. Konsertdə Azərbaycan klassik, xalq mahnılarından ibarət konsert proqramında xarici ölkə bəstəkarlarının da mahnıları ifa olunub. Musiqi müəllimliyi ixtisasında təhsil alan tələbələrin ifasında “Gəl bizim dağlara”, “More-more”, “Arzular”, “Bir könül sındırmışam”, “Nuh yurdu” qrupunun ifasında səslənən xalq mahnıları, fortepiano və nağara ifaları və digər çıxışlar tamaşaçılar tərəfindən bəyənilib, alqışlarla qarşılanıb.
Hesabat konserti yüksək qiymətləndirilib.
Aygül Məmmədova
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti