Naxçıvan Müəllimlər İnstitutunun təcrübəçi tələbələri “oxunması zəruri olan” kitablara dair tədbir keçirmişlər.
Azərbaycan xalqının çoxəsrlik mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr vermis, realist Azərbaycan ədəbiyyatının banisi Cəlil Məmməd-quluzadənin anadan olmasının 150 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər planına uyğun olaraq Naxçıvan şəhər 12 № li tam orta məktəbdə pedaqoji təcrübə keçən Naxçıvan Müəllimlər İnstitutunun tələbələri institutun bir sıra professor- müəllim heyətinin və məktəbin müəllim-şagird kollektivinin iştirakı ilə “Oxunması zəruri olan kitablar” siyahısında olan C.Məmmədquluzadənin “Hekayələr” kitabının ideya-məzmun məsələləri mövzusunda tədbir keçirilmişdir. Tədbirdə çıxış edən Naxçıvan Müəllimlər İnstitutunun prorektoru dos. A.S.Novruzov keçirilən tərbiyəvi tədbirin əhəmiyyətinə toxunaraq Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim C.Məmmədquluzadənin Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində, azərbaycançılıq məfkurəsinin formalaşmasında, ümumbəşəri dəyərlərin təbliği sahəsindəki misilsiz xidmətlərindən danışdı.
Məktəbin direktoru A.Mustafayeva təcrübəçi tələbələrin təcrübə dövründəki uğurlarına, məktəbin daxili nizam-intizam qaydalarına riayət etmələrinə və müəllim-şagird kollektivi arasında qazandıqları hörmətdən danışaraq onların hazırladığı bu tədbiri də tələbələrin ictimai fəallığının göstəricilərindən biri olduğunu qeyd etdi.
Təcrübəçi tələbələrin “Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığı”, “Cəlil Məmmədquluzadənin hekayələri” mövzusunda çıxışları, dahi dramaturqun əsərləri əsasında hazırlanmış film-fraqmentlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.
Təcrübəçi tələbələrin çıxışlarından sonra “Dillər və ədəbiyyat” kafedra-sının müdiri prof. A.İmanlı “Oxunması zəruri olan kitablar”a həsr olunmuş belə tədbirlərin müstəsna əhəmiyyətindən və Mirzə Cəlilin Azərbaycandakı maarifçilik ideyalarının təbliğindəki rolundan danışdı.
Tədbirin sonunda “Oxunması zəruri olan kitablar”ın sərgisinə baxış oldu.
NMİ-nin mətbuat və ictimayyətlə əlaqələr xidməti