Azərbaycanın xalq şairi, ictimai xadim, tərcüməçi Vahid Əzizlə görüş keçirilib
Tədbiri giriş sözü ilə açan institutun rektoru Azad Novruzov qeyd edib ki ölkəmizdə 2023-cü ilin Ümummilli lider “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar institutun Tədbirlər Planına uyğun olaraq ulu öndərin Azərbaycana rəhbərliyi dövründə fəaliyyət göstərmiş görkəmli ziyalılarla görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur. Bu gün belə ziyalılardan Azərbaycanın xalq şairi, ictimai xadim, tərcüməçi eyni zamanda Qərbi Azərbaycan İcmasının üzvü Vahid Əzizlə görüş tələbələrimiz üçün əhəmiyyətlidir. Şairin Azərbaycan poeziyasında xüsusi yer tutduğunu qeyd edən rektor dəvəti qəbul edərək tələbələrlə görüşə gələn şairə təşəkkürünü bildirib.
Tədbirdə institutun Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimi, dissertant Şəbnəm Əliyeva çıxış edərək şairin həyat və yaradıcılığından danışıb.
İştirakçıları xoş ovqatla salamlayan şair belə bir tədbirin təşkil edilməsinə görə institut rəhbərliyinə təşəkkürünü bildirib, Naxçıvana gəlişi münasibətilə yazdığı ən son şeirini tədbir iştirakçılarına təqdim edib, yaradıcılığına həsr olunmuş görüşdən böyük fərəh hissi duyduğunu dilə gətirib və bu görüşün onda gözəl təəssürat oyatdığını deyib. Ulu öndər Heydər Əliyevlə və doğulduğu Dərələyəz mahalı ilə bağlı xatirələrindən danışıb.
Tədbir institutun tələbələrinin ifasında şairin şeirlərindən ibarət kompozisiya ilə davam edib.
Sonra Xalq şairi öz şeirlərindən bir qismini oxuyub, tələbə və müəllimlərin suallarını cavablandırıb.
Sonda isə xatirə şəkilləri çəkdirilib.