Naxçıvan Müəllimlər İnstitutunda konfrans keçirilmişdir.
Naxçıvan Müəllimlər İnstitutunda “Ümumi təhsildə kurikulum islahatları: nəticələr və perspektivlər–2021” mövzusunda respublika elmi-praktik konfransı keçirilmişdir. Konfrans canlı və onlayn formatda paralel olaraq təşkil olunmuşdur. Konfransın plenar iclasını institutun rektoru Azad Novruzov açaraq, ölkəmizdə və o cümlədən muxtar respublikada təhsilin bütün sahələrinə göstərilən dövlət qayğısından, müasir tələblərə cavab verən təhsil infrastrukturundan, aparılan təhsil islahatlarından danışmışdır. Rektor qeyd etmişdir ki, 2006-cı ildən ölkəmizdə tətbiq olunan “Azərbaycan Respublikasında ümumi təhsil Konsepsiyası (Milli Kurikulum)” demokratizm, humanizm kimi prinsiplərdən çıxış etməklə, şagirdlərin maraq və ehtiyaclarına cavab verən, mütəxəssislərin elmi yanaşmalarına söykənən, dövlətin təhsil siyasətini əks etdirən bir sənəddir. İstər ali, istərsədə ümumtəhsil müəssələrinin qarşısında duran vəzifə təhsilin keyfiyyətinin yüksəldilməsi, ölkəmizin gələcək inkişaf və tərəqqisini təmin edəcək yüksək intellektual səviyyəli, elmi dünyagörüşlü, müstəqil düşünmək və yaradıcı fəaliyyət göstərmək qabiliyyətinə malik olan gənc nəslin yetişdirilməsindən ibarətdir. Bundan ötrü müasir dünyanın şəxsiyyətyönümlü təhsil sferasına daxil olmaq, tələbatlara uyğun interaktiv məzmun, ən yeni təlim strategiyaları, qiymətləndirmə mexanizmləri, demokratik idarəetmə sistemi işləyib hazırlamaq üçün ənənəvi və mütərəqqi dünya texnologiyalarından istifadə edilməlidir.
Sonra Naxçıvan Muxtar Respublikası Təhsil Naziri Rəhman Məmmədov muxtar respublikada yaradılmış təhsil infrastrukturundan danışaraq qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində 200-dən çox təhsil müəssisəsi üçün bina tikilmiş və ya əsaslı təmir edilmiş, nəticədə 50 mindən çox şagirdin və 7 mindən çox müəllimin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılmışdır. Yaradılan müasir təhsil şəraiti yeni təlim metodlarının tətbiqinə, təhsildə innovativ yanaşmalara geniş imkanlar açmışdır. Təhsil naziri qeyd etmişdir ki, 2008-2009-cu tədris ilindən ümumtəhsil məktəblərində tədrisə yeni fənn kurikulumlarının, 2020-2021-ci tədris ilindən inteqrasiyalı tədrisə əsaslanan STEAM təlim metodunun tətbiqinə başlanılmışdır.
Yeni kurikulumların tətbiqi ilə 7 mindən çox müəllim xüsusi proqram əsasında öyrədici təlim kurslarından keçirilmiş və tədris materialları ilə təmin edilmişdir. Müəllimlərin peşəkarlığının artırılması istiqamətində görülən işlərin davamı olaraq təkcə ötən tədris ilində 1500-dən çox müəllim müxtəlif ixtisasartırma kurslarına, təlimlərə cəlb olunmuş, müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılmışdır.
Təhsil naziri konfransın işinə uğurlar arzulamış, yeni yanaşmaları mənimsəyən və tətbiq etməyi bacaran pedaqoji kadrların təcrübələrinin artırılmasında mühüm əhəmiyyət daşıyacağını vurğulamışdır.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək bildirmişdir ki, təhsil sahəsində aparılan uğurlu islahatların nəticəsi ali təhsil ocaqlarına 2020-2021-ci tədris ilində qəbul olmuş tələbələrin inkişaf səviyyələri, tədqiqatçılıq qabiliyyətləri və müstəqil düşünmə bacarıqları əsasında daha əhəmiyyətli dərəcədə hiss olunur. Bu inkişaf ali təhsil müəssisələrini öz işini yeni çağırışlara cavab verəcək şəkildə qurmalarına zəruri yanaşmanı tələb edir. Dövlətimizin qayğısı və diqqəti nəticəsində muxtar respublikamızda fəaliyyət göstərən ali təhsil müəssisələrində yaradılmış şərait, qurulmuş infrasturuktur və yeniliklər əsasında inkişafda olan kadr potensialı, ali və orta ümumtəhsil müəssisələrinin birgə işirakı ilə təkil olunan müxtəlif konfranslar, dəyirmi masalar və seminarlarda əməkdaşların təcrübə mübadiləsi bu çağırışlara operativ cavab vermək imkanı verir.
Sonra Naxçıvan Müəllimlər İnstitutunun baş müəllimi Səminə Rüstəmovanın “Onlayn dərs prosesində qiymətləndirmə mexanizmi: tələblər və təcrübə” , Ordubad rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Sahil Əlizadənin “Ümumi təhsilin təşkilinə dair ümumi pedaqoji tələblər rəsmi dövlət sənədlərində və məktəb həyatında” mövzularında məruzələri dinlənilmişdir.
Konfransda ümumilikdə 142 məruzənin dinlənilməsi nəzərdə tutulmuşdur ki, məruzələrin 79-u orta ümumtəhsil məktəbləri müəllimlərinin payına düşür. Orta ümumtəhsil məktəbləri müəllimlərinin konfransda fəal iştirakı məktəblərdə bu istiqamətdə yerinə yetirilən təcrubi biliklərin paylaşılması və yayılması baxımından çox əhəmiyyətlidir.
Konfrans öz işinin 13 bölmədə davam etdirmişdir.
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti