Naxçıvan Müəllimlər İnstitutunun “Riyaziyyat və tədrisi metodikası” kafedrasının təşkilatçılığı ilə tanınmış alim, riyaziyyatın tədrisi metodikası və riyaziyyat tarixi sahəsində müstəsna xidmətləri olan professor Bəylər Ağayevin anadan olmasının 120 illiyinə həsr olunmuş “Azərbaycanda riyaziyyatın tədrisi metodikası tarixi və müasir problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan institutun Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini icra edən Elşən Məmmədov Bəylər Ağayevin Azərbaycan riyaziyyat təhsilindəki əvəzsiz rolunu vurğulayaraq, onun pedaqoji və elmi irsinin müasir dövrdə aktual olduğunu qeyd edib. O, bildirib ki, professor Bəylər Ağayevin zəngin elmi irsi və tədris metodikası sahəsindəki töhfələri bu gün də təhsil sistemimiz üçün dəyərli mənbədir.
Konfransda “Riyaziyyatın tədrisi metodikası və tarixi sahəsində tanınmış alim, professor Bəylər Ağayevin həyat və yaradıcılığı” mövzusunda məruzə ilə çıxış edən kafedranın müdiri, riyaziyyat üzrə elmlər doktoru, professor Yaqub Məmmədov alimin həyatı və elmi-pedaqoji fəaliyyətindən, onun riyaziyyat təhsilinin inkişafına verdiyi töhfələrdən bəhs edib. Bildirilib ki, Bəylər Ağayevin elmi irsi, xüsusilə riyaziyyatın tədrisi metodikası sahəsindəki araşdırmaları müəllim və tələbələrimiz üçün əhəmiyyətli istiqamət verir.
Kafedranın dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Südabə Məmmədova “Pedaqoji təlimdə layihələr metodu və onun mahiyyəti” mövzusunda çıxış edərək, müasir təlim metodlarının tətbiqində layihə üsulunun əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıb. O, vurğulayıb ki, layihə əsaslı təlim, tələbələrin yaradıcı və tənqidi düşünmə bacarıqlarını inkişaf etdirərək, onların real həyat problemlərinə tətbiq edə biləcəkləri bilik və bacarıqları formalaşdırır.
Digər məruzəçi, kafedranın dosenti, riyaziyyat üzrə fəlsəfə doktoru Nazilə Muradova isə “Məktəb riyaziyyat kursunda ‘Ölçmə’ məzmun xəttinin mahiyyəti” mövzusunda təqdimatla çıxış edərək, bu istiqamətdə tədris prosesində qarşıya çıxan problemlər və onların həlli yolları barədə məlumat verib. O, bildirib ki, ölçmə məzmun xəttinin effektiv tədrisi, şagirdlərin riyazi anlayışları daha dərindən mənimsəməsinə və gündəlik həyatda tətbiq etməsinə imkan yaradır.

