Texnologiya müəllimliyi ixtisası tələbələrinin əl işlərindən ibarət sərgi keçirilib
Naxçıvan Müəllimlər İnstitutunda yaradılmış “Texnologiya” emalatxanaları ilə tanışlıq və Texnologiya müəllimliyi ixtisası tələbələrinin əl işlərindən ibarət sərgi keçirilib
Sərgini giriş sözü ilə açan institutun rektoru Azad Novruzov qeyd edib ki, institutda kadr hazırlığı aparılan ixtisasların tədris maddi-texniki bazası hər il gücləndirilir. İxtisaslı kadrların peşə kompetensiyalarına yiyələnmələri üçün praktik bacarıqlarının formalaşdırılmasında institutun mövcud tədris maddi-texniki bazası əsaslı rola malikdir. Sevindirici haldır ki, yeni açılmış Texnologiya ixtisası üzrə tədris emalatxanaları qısa zaman ərzində öz töhfəsini verməyə başlayıb. Bu gün institutun Texnologiya müəllimliyi ixtisası tələbələrinin əl işlərindən ibarət sərgisinin keçirilməsi bunun əyani nümunəsidir. Haliyədə bu ixtisasda I və II kurs olmaqla 28 tələbə təhsil alır. İnstitutda tələbələrin tədris prosesində praktik bacarıqlarının formalaşmasına xidmət edən “Texnologiyanın tədrisi metodikası kabinəsi”, “Tikiş” emalatxanası, “Ağac emal edən” emalatxana və bu emalatxanalarda hazırda tikiş maşınları, tələb olunan əl avadanlıqları mövcuddur. Yaxın gələcəkdə tələbələr üçün daha geniş imkanların yaradılması məqsədilə emalatxanaların yeni filiallarının açılması və yeni dəzgahların sifarişi nəzərdə tutulub.
Tədris prosesində texnologiya emalatxanasında yüksək göstəricilərinə görə fərqlənən bir qrup tələbəya Tərifnamələr təqdim olunduqdan sonra emalatxanalara və sərgiyə baxış olub. Sərgidə ağac, metal, keramika, şüşə, plastik, kağız, karton və digər məmulatlardan hazırlanmış100-dən artıq əl işi nümunələri nümayiş olunub. Yaradılan şəraitlə və sərgi ilə yaxından tanış olanlar maraqlı nümunələri yüksək qiymətləndirib, onların əhəmiyyətindən bəhs ediblər.
Aygül Məmmədova
İnstitutun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti