Naxçıvan Müəllimlər İnstitutunun Pedaqoji fakültəsində Tələbə Elmi Cəmiyyətinin onlayn konfransı keçirilmişdir
14 may 2020-ci il tarixdə Naxçıvan Müəllimlər İnstitutunun Pedaqoji fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) 2019/2020-ci tədris ili üçün yekun onlayn konfransı keçirilmişdir. Konfransa fakültənin professor-müəllim heyəti və TEC işi yerinə yetirən tələbələr qoşulmuşlar. Konfransı giriş sözü ilə açan fakültə dekanı Arif Ağalarov TEC işləri ilə bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş mövcud əsasnamənin tələblərinə uyğun olaraq fakültədə aparılan işlər və qarşıda duran vəzifələr haqqında konfrans iştirakçılarına məlumat vermişdir.
Ali və orta ixtisas təhsili müəssisələrində könüllülük prinsipi əsasında fəaliyyət göstərən bu qurumun tələbələrin ictimai həyatdakı fəallığı, ali təhsilli kadrların hazırlanması işində keyfiyyətin yüksəldilməsi, tələbələrin elmi fəaliyyətə marağının artırılması, perspektivli və istedadlı gənclərin üzə çıxarılması, həmçinin sabahın alimlərinin yetişməsindəki rolundan danışan natiq gələcəkdə TEC işlərinin yeni innovasiyalara yönəldilməsinin vacibliyini xüsusi qeyd etdi. Konfransın plenar iclasında üç nəfər tələbənin məruzəsi dinlənildikdən sonra konfrans altı bölmə üzrə öz işini davam etdirmişdir. Ümumilikdə, 53 nəfər tələbənin məruzəsi bölmələr üzrə dinlənilmiş, elmi və tədqiqatçılıq baxımından fərqlənən tələbələrin institut turunda məruzələri göndərilmişdir.
Naxçıvan Müəllimlər İnstitutunun
mətbuat və ictimaiyyətlə əlaqələr xidməti